Cinayətlərin açılmasında polis veteranlarının böyük əməyi var

Cinayətlərin açılmasında polis veteranlarının böyük əməyi var
  09 Yanvar 2018    Oxunub:1306
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, xüsusilə respublikada bütün sahələrdə olduğu kimi, veteran hərəkatında da canlanma yaranıb, bu hərəkat tədricən bütün ölkəni əhatə edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırda polis veteranları cinayətkarlıqla mübarizəyə layiqli töhfələrini verirlər. Cinayət törətmiş şəxslər böyük həyat və xidmət yolu keçmiş, zəngin təcrübə qazanmış veteranlarımızın köməyi ilə tutularaq istintaqa verilib, baş verə biləcək hüquqazidd əməllərin qarşısı alınıb.

Uzun illər cinayətkarlıqla mübarizə sahəsində “döyüşən”, bu işlərin ağırlığını çiyinlərində daşıyan polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah və intihar hallarının qarşısının alınması məqsədilə yerli polis şöbələrinin rəhbərliyi və aidiyyəti xidmətlərin əməkdaşları ilə birgə təhsil müəssisələrində, vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırlar.

Ötən il yalnız Qəbələ Rayon Polis Şöbəsinin veteranlarının köməyi ilə rayon ərazisində 87 cinayətin açılması təmin edilib. Həmin dövr ərzində veteranlar 42 dəfə rayonun müxtəlif təhsil müəssisələrində, həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər.

2017-ci ildə Ağdaş Rayon Polis Şöbəsinin polis veteranları da öz biliklərini gənc əməkdaşlarla bölüşüblər. Belə ki, 130 cinayətin açılmasında polis veteranları yaxından iştirak ediblər.

Geridə qalan il ərzində polis veteranlar şurası tərəfindən məktəblərdə və təşkilatlarda 44 dəfə maarifləndirici tədbirlər həyata keçirilib. “Azyaşlı və yeniyetmələr tərəfindən ictimai asayişin və hüquq qaydalarının pozulmasının qarşısının alınması yolları”, “Müəllim, valideyn və şagird münasibətlərində gərginliyin yaranma səbəbləri”, “Narkomaniyaya və dini ekstremizmə qarşı mübarizə tədbirləri”, “Baş verə biləcək cinayətlərin qarşısının alınmasında və baş vermiş cinayətlərin açılmasında ictimaiyyətin rolu” mövzularında keçirilən tədbirlərdə polis veteranları çıxış edərək tövsiyələrini veriblər.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti