50-ci illərin Bakı kriminaliteti: Məhbuslar tikintilərdə necə işlədilirdi... – TARİXÇƏ

  10 Yanvar 2018    Oxunub : 7389
50-ci illərin Bakı kriminaliteti: Məhbuslar tikintilərdə necə işlədilirdi... – TARİXÇƏ

Bəhram Çələbi
AzVision.az üçün

Ağakərim kişini (“Brilyant Ağakərim”) Azərbaycan kriminalitetinin canlı ensiklopediyası da adlandırmaq olar. Ömrünün səkkizinci onilliyini xırdalayan bu dünyagörmüş kişi ilə söhbət etdikcə bu günədək adını eşitmədiyim neçə-neçə adamlar barədə maraqlı faktlarla tanış oluram. İnanıram ki, köhnə Bakının real mənzərələrini yaradan bu hadisələr sizlər üçün də maraqlı olacaq...

- 1951-ci ilin may ayında Qazaxstanın Pavlodar şəhərindəki 3 saylı İslah Əmək Koloniyasından yatabla Bakıya gəldim. Qatardan düşürülən beş yüzə yaxın “zek”i beş-beş sıraya düzüb, Yasamaldan aşağıda, indiki Politexnik institutunun yerində, evimizdən yüzcə metr aralıqda tezbazarı quraşdırılmış baraklara gətirdilər. Mal pəyələrinə oxşayan səkkiz barakda min yeddi yüz məhbus - min dörd yüzü kişi, üç yüzü qadın,- cəmlənmişdi. Onların bir qismi Hökumət Evinin, bir qismi Radiozavodun, bir hissəsi isə Kərpic Zavodunun tikintisində işləyirdilər. Axşam yoxlamasında elan etdilər ki, yeni gələn yatabın zekləri də səhər saat yeddidə işə başlayacaqlar.

Tikintilərdə işin ləngiməməsi naminə düşərgə sahəsi yaratmışdılar. Əhəng, sement və qum iş yerindən 100-120 metr aralıda hazırlanır və xərəklər, vedrələrlə əllə daşınırdı. İki sınıq-salxaq qaldırıcı kran azlıq etdiyindən və çox vaxt da xarab olduğundan, tikinti mteriallarının çoxunu 6-7-ci mərtəbələrə də əllə qaldırmaq lazım gəlirdi. Hamam yox idi, dustaqlar əl-üzünü yumağa kifayət qədər su da tapa bilmirdilər. Adambaşına gündə 500 qram paltar sabununa bənzəri olan çörək verirdilər.

Hökumət evinin tikintisinə dustaqlarla yanaşı, alman hərbi əsirləri də cəlb edilmişdi. Müharibə başa çatandan sonra Bakıya 40 mindən çox alman hərbi əsiri gətirilmişdi və onların əməyindən müxtəlif şəhərlərdə istifadə olunurdu. Onlar əsasən mülki tikintidə, böyük sənaye oblektlərində və xüsusi, qapalı oblektlərdə işləyirdilər.

Hökumət evinin tikintisində 140-150 nəfərə yaxın hərbi əsir - tikinti mühəndisi, dülgər, daş yonan, fasad ustası və s. çalışırdı. Alman hərbi əsirlər hər gün Qara şəhərdəki həbsxanadan piyada tikintiyə gətirilir, axşam isə yenidən həbsxanaya qaytarılırdı.

Səfaralının briqadası kərpic zavodunu tikməli idi. Bayılda bizimlə oturmuş Simon da burada işləyirdi. Mən səhər həmin briqada ilə kərpic zavodunun sahəsinə gəlib, birbaşa öz budkama yönəldim. Səfəralı yarım saatdan sonra gəlib bir parça ət gətirdi. Mən sahəyə girib çıxan maşın şoferlərindən birinə pul verib kartof, soğan, göyərti, pomidor-xiyar aldırdım. Bir qazan səbzi, bir qazan da bozbaş asdım... Bilirdim ki, Kələntərov bir "puzır" gətirəcək, birini də konvoya ikiqat haqqını ödəyərək, mən aldırdım. Günorata üstü Kələntərov sahəyə girən kimi masterskoya gəldi... Mən onun gəldiyini görüb tez əvvəldən məngənəyə keçirdiyim lapatkanını saplağını dəyişməyə girişdim...
- Alə, Əzimoğlu nə əntiqə ətir gəlir alə, buradan! - Qazanın qapağını qaldırıb səbzidəki tikə ətrlərdən birini ağzına atdı. Ləzzətlə ağzını marçıldadıb: - Alə, belə ləzzətli yeməyin dərmanı gərək ikiqat olsun... Sən salatı hazırlayanacan sahəni fırlanıb gəlirəm. Al, bunu gizlətginən, - cibindən araq butılkasını çıxarıb özü kuşetkanın üstündəki balışın altına soxdu.

Bir saatdan sonra pərişan halda qayıtdı. Səfəralı hələ də gəlməmişdi. Kələntərov yorğun-yorğun kuşetkanın üstündə əyləşib:
- Görürsən, Əzimoğlu, belə bərk iştaham vardı, deyirdim, iki qazandakı xörək azlıq edəcək... İki nəfər dəmir prutlarlabir-birinin kəllələrini dağıdıb. Nə var-nə var, biri o birinin var-yoxunu söyüb... Alə, belə şeydən ötrü də vuruşarlar? Bütün iştahamı qaçırdı... - əlini balıncın altınla soxub, mənim aldığım "Moskovskaya vodka"nı çıxartdı, təəccüblə üzümə baxıb: - Dil bilən oğlana oxşayırsan Ağakərim, üç ildir dustaqlarla işləyirəm, hələ məni qonaq eləyəni görməmişdim... Molodets! Gəl, Səfəralı qayıdanacan yüz-yüz gillədey, sonrası Allah kərimdir,- dedi.

Tikinti sahəsində pula gedən yüz cürə material vardı... Kim içəri girirdi, gözləri kəlləsinə çıxırdı... Biri deyirdi işlənib bir kənara atılmış taxtaları sat, başqası ayaqyolu üçün çuqun hissə aparmaq istəyirdi. Digəri gəlirdi ki, bir-iki kisə sement lazımdır. Kələntərov icazə versəydi, yaxşıca qazanmaq olardı. “Ment”ləri artıq bişirmişdim. Səhər-səhər hərəsinə iki paçka "Pamir" bağışlamışdım, az qalmışdı ki, qucaqlayıb öpsünlər məni.

Kələntərovla "Moskovskaya"nı boşaltdıq. Gördüm, kişinin gözü balıncın altındakı araqda qalıb. Bir miska bozbaş da qoydum qabağına... Tərifləyə-tərifləyə yeyirdi, amma elə bil tikan üstündə oturmuşudu.
- Ağakərim, bu Səfəralının işi uzun çəkdb, bəri verginən o arağı, bir “yüz” də vurmasam ,bozbaşın dadını başa düşmərəm... - dedi, taraş stəkanı doldurub sümürdü.
- Yoldaş Kələntərov, bayaq dayım oğlu gəlmişdi, "Moskovskaya"nı da o gətirmişdi. Ona bir-iki kisə sement, beş-altı dənə də budey, bir kənara yığmışıq ki, lazımsız taxtalar var ey... ondan lazım idi. Ancaq sənin icazən olmadan... heç elə şey olar? Dayım oğluna dedim ki, buranın xozeyini var, kişidən soruşmasam, verə bilmərəm... - tərifin sahə naçalnikinə yaxıldığını görüb, üstünə bir az da qoydum.
- Dayın oğlu üçün ver. Ancaq başqa adama olmaz! - deyib kuşetkada uzandı, - iki saatdan sonra oyadarsan məni... Nadzorlara da tapşıraram, buraxarlar maşını...
Dəymişdi Kələntərova araq... Az sonra çirkli odeyalı başının üstünəcən dartıb, yuxulayırdı.

Onu dediyi vaxtda oyatdıq. Bir stəkan kupeçeski (xoruzquyruğu) çay içib, papkasını qoltuğuna vuranda:
- Naçalnik, mentlərə məni tapşırırsuz? – soruşdum.
Əvvəl təəccüblə mənə baxdı... Bayaq verdiyi söz yadından çıxmışdı. Tapşırdı kişi kimi: "Bu oğlan burada atılıb-qalan bəzi şeyləri xalası oğluna verəcək... Onsuz da onları svalkaya atmalıydıq. Qoyun aparsın!"

Təzəcə konvoylardan aralanmışdıq ki, hay-haray qopdu... Kim isə divardan yıxılmışdı. Hadisə yerinə tərəf götürüldük. Simon idi, dörd-beş metrlik divardan arxası üstə dəmir qırıqlarının üstünə yıxılmışdı. Qalın məftillərdən bir neçəsi kürəyindən batıb, sinəsindən çıxmışıd. Sən demə, dustaqlardan kimsə xəbər gətirib ki, bəs anan-bacın gəliblər, gözləyirlər darvazanın qənşərində... Yazıq sevindiyindənmi, tələsdiyindənmi, həyəcandanmı divarın üstü ilə qaçarkən yıxılmışıdı.

Biz hadisə yerinə çatanda Simon hələ sağ idi. Kolonun naçalniki Krutski, iki həkim və polutruk maşınla gəldilər. Rəis maşından düşən kimi sağa-sola söyüşlər yağdırmağa başladı... Kələntərovun harada olduğunu soruşdu. Kişi lap onun yanında dayanmışdı. Birlikdə can verən dustağa yaxınlaşdılar. Yazıq Kələntərov üzünü yana çevirib, "ox, yazıq... ox, yazıq" deyir, əlindəki papkanı gah dəmirlərin üstünə qoyur, gah da yenidən qoltuğuna dürtüşdürürdü. Simonu məftillərdən çıxarıb, yana qoyan kimi keçindi. Az sonra iki qadın saçlarını yola-yola, üz-gözlərini didə-didə, dizlərinə döyə-döyə hadisə yerinə gəldilər...

Biz hələ “Domsovet”in tikintisində işləyəndə də hər gün bir-iki nəfər ölən, yıxılan, yaralanan olurdu.Simonun ölümü isə lap dəhşət idi. İki qadın dizləri üstə düşərək hələ soyumamış, rəngi-ruhu üstündə olan meyiti öpüb-oxşayırdılar. Cəsədin altından axan qan qara xətt kimi uzanırdı... Bir anın içində taxtalardan xərək düzəltdilər. Simonun meyitini onun üstünə uzadıb, üzərinə “Miru mir” şüarı yazılan ensiz qırmızı parça ilə örtdülər.

...Kişilərin baraklarının birində Qazaxdan Mahir adında doxtur otururdu. Yaxşı saz çalıb, oxumağı vardı... Axşamın qaranlığı düşən kimi taxta baryerin yanındakı kubik daşlarından olan pilləkanın dibini kəsdirib, sazını basırdı sinəsinə
- Budur gəldi payız fəsli, soluxubdur Lalə, Reyhan
Azığ süddür, dodaq qaymaq, dilim batıb balə Reyhan
deyərək oynayırdı.

Bu Reyhan qız mələk qədər gözəl idi... İyirmi bir yaşı vardı, üç dəfə ərə gedib boşanmışdı. İndi də qazaxlı doxtur Mahirə özünü sıramaq istəyir, naz sıtırdı... Deyilənə görə, doxtur iki dəfə taxta hasarı gecənin qaranlığında adlayıb onun barakına soxulmuşdursa da, üz-gözü çırmaqlanmış halda geri qayıtmışdı.

Səhəri gün üstü bağlı qara politruk voronoklar düzülürdü vaxtanın yanına... İyirmi yeddi lotu, avtoritet doluşurduq maşına, çalxalana-çalxana gəlirdik indiki “Domsovet”in tikinti meydanına…
…Hava duman-çənli idi. Bir qohumum vardı Seyfulla. Bunun briqadasının zekləri artıq kirəcli-sementli horranı qarışdırıb qurtarmışdı, indi pilitələri, daşları çiyinlərinə qaldırıb, yuxarı, yeddinci mərtəbəyə daşıyırdılar. Bizim dəstənin üzvləri hərəsi bir tərəfə dağıldı. Nadzor Vartan gəlib əli ilə taxta hasarı mənə göstərdi:
- Ara, bunu sökün!,- deyib, azacıq kənarda çömbəlib oturaraq, papiros piləyən kubinkalı Şəmsiyə yaxınlaşdı ki, siqaretini yandırsın.
Şəmsi papirosunu aşağı salaraq, bütün ciblərini eşələdikdən sonra şalvarın arxa cibindən kibrit qutusunu çıxarıb, mentə uzatdı, ancaq qutunu bilərəkdən yerə saldı. Vartan əyilib kibrit qutusunu götürdü, siqaretini yandırıb, onu geri qaytarmaq istədi.
Şəmsi:
- Qoy qalıb, qapon. Məndə biri də var, - deyərək, sırıqlısının hər iki cibindən kibrit qutuları çıxararaq, ona göstərdi. - Sən orada balantyora him-cim eləginən, qarnım quruldayır, acından lap ölürəm.
- Ara, ölməzsən, dustağın canı bərk olur, - deyə erməni nadzor yaltaq-yaltaq gülümsədi.
- Sən də lap Vladimir İliç kimi danışdın, qapon. Bir gün Pavlik Morozov Leninin yanına gəlir ki, bəs yeməli hər şey qurtarıb, təkcə atların samanı qalıb. Lenin qayıdır ki, hə, nə olar, saman yeyin. Pavlik gülüb deyir: "Yoldaş İliç, saman yesək, at kimi kişnəyərik axı". Lenin onun başına bir qapaz vurur: "Alə, dədəsini öldürüb ad qazanan qəhrəman, mən hər səhər bir küp arı nəcisi yeyirəm, heç məni dızıldayan görmüsən?"

Mirzoyan qızarıb-bozardı, bir mənə, bir də Şəmsiyə baxıb səsi titrəyə-titrəyə:
- Ara, kubinkalı, sən mənə heç nə danışmamısan, mən də heç nə eşitməmişəm. Məzhəb haqqı, eşitməmişəm. Ara, xaçıma and olsun, eşitməmişəm! - deyib, tələsik bizdən uzaqlaşdı.

- Şəmsi, qədeş, axırda bu dilivün bəlasına düşiceysen. Sən bu erməni qnidaları tanımırsan bəgəm? - Mollaoğlu Qədir taxta yığınının arxasından çıxıb, dilləndi. Aramızda olan lotulardan ən sakiti, ağayanası Mollaoğlu Qədir idi. Sovetskidən bir tin aşağı, Verxni Naqornıda yaşayırdı.Təkəbbürlü, məğrur, öz hisslərini biruzə verməyən, alicənab, rəhimli oğlan idi. Deyilən sözə təmkinlə, axıradək qulaq asmaq adəti vardı.

(Ardi var)


Teqlər: #Retro-kriminal