Hərbi hissədə bir gün - VİDEO

Hərbi hissədə bir gün - VİDEO
  25 Yanvar 2018    Oxunub:2493
“Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür”. Bu ifadəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğuna dair çıxışlarının birində söyləyib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, ötən ilin sonlarında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılışını etdiyi N nömrəli hərbi hissədəyik. Burda yaradılmış yüksək təminat şəxsi heyətin nəzəri-praktiki biliklərinin artırılması, nizam-intizamın, fiziki hazırlığın yüksəldilməsi və mədəni-asudə vaxtın düzgün təşkil edilməsinə imkan yaradır. Əsgərlər həftədə bir dəfədən gec olmayaraq hamamdan istifadə edirlər. Camaşırxanada quraşdırılmış paltaryuyan və quruducu maşınlar şəxsi heyəti istənilən vaxt təmiz paltar və yataq dəstləri ilə təmin edir.

Qazanxana ən son texnologiyaya əsaslanan avadanlıqlarla təchiz olunub ki, bu da şəxsi heyətin sosial şəraitinin müasir tələblərə cavab verdiyini sübut edir. Şəxsi heyətin düzgün və keyfiyyətli qidalanması ən vacib məsələlərdən biridir. Bunun üçün hərbi hissənin yeməkxanasında hər bir şərait yaradılıb. Hərbi hissəyə gətirilən təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır. Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir. Xanım aşpazların qayğıkeş münasibəti sayəsində yeməklər ev yeməyindən heç də fərqlənmir.

Yüksək nizam-intizam hər bir hərbi hissənin qarşısına qoyulan ilkin tələblərdən biridir. Şəxsi heyətin nizam-intizamını və sıra vərdişlərini təkmilləşdirmək məqsədi ilə həftədə iki dəfə bir saat ərzində sıra hazırlığı məşğələsi keçirilir. Silahlı Qüvvələrdə şəxsi heyətin döyüş hazırlığını mənəvi-psixoloji hazırlıq tamamlayır. Bu məqsədlə plana əsasən əsgərlərə həftədə iki dəfə ictimai-siyasi hazırlıq dərsləri tədris olunur ki, bu da onlarda ruh yüksəkliyinin artmasına, hərbi bilik və bacarıqların döyüş zamanı düzgün istifadəsinə səbəb olur.

Ön xətdə xidmət hər bir hərbçi üçün məsuliyyət və xüsusi bacarıq tələb etdiyi kimi eyni zamanda şərəf və qürur mənbəyidir. Hərbi hissənin ön xətdə yerləşən bölmələrində də xidmət günün nizam qaydalarına uyğun olaraq davam edir. Döyüş növbətçiliyi aparan şəxsi heyət bir müddətdən sonra arxa bölmələrlə əvəz olunur. Şəxsi heyətin döyüş bacarığı və ruh yüksəkliyi, dövlətimizin dəstəyi, xalqımızın iradəsi işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə bizi bir daha əmin edir.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Əsgər  





Xəbər lenti