Bayılda sürüşmə zonasından 390 nəfər köçürülüb

  25 Yanvar 2018    Oxunub : 1035
Bayılda sürüşmə zonasından 390 nəfər köçürülüb

Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Səbail RİH-dən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, ilk növbədə mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub: “Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir. Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onların məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb".

Qərargahdan verilən məlumata görə, Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir: "Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşir. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki prosseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən xüsusi araşdırmalardan sonra verilib. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyil. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir".

Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunların mütəxəssisləri araşdırmalar aparır, qəbul edilən qərarlar və görüləcək işlər barədə əlavə məlumat veriləcək.

AzVision.az

Teqlər: Bayıl   Səbail   Sürüşmə