İlk sığorta şəhadətnaməsi Vasif Talıbova verildi

İlk sığorta şəhadətnaməsi Vasif Talıbova verildi
  26 Yanvar 2018    Oxunub:2152
Ötən gün Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb.
AzVision.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində bir sıra işlər görülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, muxtar respublikada icbari tibbi sığortanın elektron qaydada həyata keçirilməsi üçün its.naxcivan.az internet saytı və “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri istifadəyə verilib. Bu da əhalinin internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan verəcəkdir. Sığorta olunan vətəndaş İcbari Tibbi Sığorta Şəhadətnaməsinin nömrəsini daxil etməklə müayinə tarixçəsi, müayinənin gedişi və nəticələrinə dair məlumatları əldə edəcəkdir. “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə icbari tibbi sığortanın tətbiqində iştirak edəcək tibb müəssisələrinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə qarşılıqlı informasiya mübadiləsi təmin edilib. Sığorta olunanlar 6 aydan bir ümumi müayinələrə cəlb olunmaları, peyvənd təqvimi və dispanser nəzarəti barədə “Naxtel 4G” mobil rabitəsi üzərindən SMS vasitəsilə məlumatlandırılır.



Sədərək Rayon Mərkəzi Xəstəxanasında 23 kompüter quraşdırılıb, rayon əhalisi qeydiyyata alınıb, vahid məlumat bazası və server otağı yaradılıb. Bu da imkan verəcəkdir ki, hər bir həkim müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilsin. Xəstəxanada ən müasir texnoloji yenilikləri özündə birləşdirən stasionar tipli rəngli doppler USM cihazı, spirometr, kordiomonitor, pulsoksimetr, süni tənəffüs aparatı, lor kabinəsi üçün cərrahi avadanlıqlar dəsti, göz kabinəsi üçün biomikroskop, 4 böyütməli və göz təzyiqinin ölçülməsi üçün tonopenli, avtokeratorefraktometr, oftalmoloji proyektor, dioptrimetr, oftalmoskop, vitreoktomiya əməliyyatı üçün mikro və makro cərrahi alətlər dəsti, mirvari suyu və göz dibi iltihabı xəstəlikləri üçün Oertli OS4 markalı əməliyyat aparatı quraşdırılıb. Bu cihaz vasitəsilə min katarakt əməliyyatı, göz dibində vitreoktomiya və qlaukoma əməliyyatı həyata keçirmək mümkündür. Xəstəxananın təcili tibbi yardım avtomobili də planşetlə təmin edilib və “Səhiyyə informasiya idarəetmə sistemi”nə qoşulub.

Sığorta olunanlara İcbari Tibbi Sığorta Şəhadətnaməsinin verilməsi məqsədlə 10 min ədəd plastik kart alınıb. Muxtar respublikada ilk İcbari Tibbi Sığorta Şəhadətnaməsi Ali Məclisin sədrinə təqdim edilib.

AzVision.az


Teqlər: Naxçıvan   Sığorta  





Xəbər lenti