Səməd Seyidov: “Sarkisyan suallar qarşısında aciz qaldı”

  29 Yanvar 2018    Oxunub : 2212
Səməd Seyidov: “Sarkisyan suallar qarşısında aciz qaldı”
"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası Azərbaycan xarici siyasəti baxımından səmərəli keçdi"

AzVision.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
AŞ PA-nın bu dəfəki sessiyasında seçkilərin keçirildiyini diqqətə çatdıran S.Seyidov bildirib ki, bu dəfə də Azərbaycana etimad göstərildi və nümayəndə heyətimizin üzvləri AŞ PA-da mühüm vəzifələrə seçildi: “Bu, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”.

S.Seyidov bildirib ki, Azərbaycanın nümayəndə heyətinin üzvləri sessiyada fəal iştirak etdilər, o cümlədən nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyevanın və Vüsal Hüseynovun “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması” və “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzularında məruzələrinin müzakirəsi səmərəli keçdi.

S.Seyidov AŞ PA-nın Münaqişələr üzrə alt komitəsinin yeni tərkibinin müəyyən edilməsinin də ölkəmiz üçün müsbət hal olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, alt komitənin yenidən formalaşdırılması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ PA-da daha geniş müzakirələrin açılmasına səbəb olacaq ki, bu da Azərbaycan üçün çox müsbət bir haldır.

Ermənistan prezidenti Serj Sarkisyanın AŞ PA-dakı çıxışına toxunan S.Seyidov vurğulayıb ki, S.Sarkisyan yenə də dünya ictimaiyyətini aldatmağa çalışdı: “Yenə də Sarkisyan öz üzünü göstərdi və yalan məlumatlar çatdırmaqla dünya ictimaiyyətini aldatmağa çalışdı, ancaq ona lazımi cavab verdim və Xocalı soyqırımı, Ermənistanın beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qətnamətlərini yerinə yetirmədiyini onun diqqətinə çatdırdım və əlbəttə ki, Serj Sarkisyan bu suallar qarşısında aciz qaldı”.

S.Seyidov həmçinin Azərbaycan nümayəndə heyətinin qardaş Türkiyənin Suriyadakı antiterror əməliyyatlarına dəstək göstərdiyini də diqqətə çatdırıb: “Ümumən bu dəfəki sessiyanı ölkəmiz üçün səmərəli hesab edtmək olar”.

Qeyd edək ki, AŞ PA-nın qış sessiyası 22-26 yanvarda Fransanın Strasburq şəhərində keçirilib. Sessiyada seçkilər zamanı Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti, Sevinc Fətəliyeva isə qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçilib.

AzVision.az

Teqlər: Səməd-Seyidov   Azərbaycan   AŞPA