Qurandakı elmi işarələr

  04 Mart 2013    Oxunub : 4105
Qurandakı elmi işarələr
Dilman Şahmərdanlı

Müasir astronomiya, kvant fizikası, biologiya və anatomiya uzaq keçmişdə, Quran göndəriləndə hələ məlum deyildi. Bununla belə 1400 il bundan əvvəl Quran insanlara göylər, yer, ulduzlar, planetlər, kainat qanunları, yerdə həyatın və insanın yaranması, uşağın ana bətnində mayalanması və onun doğulması haqqında məlumat verib.
Əlbəttə, Quran uzun-uzadı bu mövzular üzərində dayanmayıb və bütün bunların geniş izahını verməyib, çünki Quran hər şeydən əvvəl əqidə kitabı, həyat proqramı və şəriətin əsasıdır.

Əgər Quran bütün bu mövzuları birdən—birə geniş açsaydı, müsəlmanlar naməlumluqla rastlaşar, bütün bu informasiyanı başa düşməzdilər. Odur ki, Quran ancaq işarə etməklə, göstərişlərlə və müqayisələrlə kifayətlənib ki, elmin gələcəyini geniş ifadə etsin və bu ulu kitabın bütün proqnozları gələcəkdə açılsın və tədricən gerçəkləşsin, bütün bunlar yüz və min illər keçdikcə duyulsun və nəsildən-nəslə Quranın Allah tərəfindən göndərilməsi möcüzə kimi insanlara göstərilsin: “Quranın haqq olduğu müşriklərə bəlli olsun deyə, biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!” (41-ci surə, 53-cü ayə).

Allah nişanələrini göstərəcək, çünki onlar üçün Allahın öz kitabında verdiyi şəhadət kifayət deyil. Odur ki, Quranın əsrdən-əsrə sirlərini açan nişanələrin göstərilməsi tələb olunurdu. Ona görə də öz kitabında Allah deyir ki, Quranın qəribə nişanələri gündən-günə açılacaq.

1. Yerin kürə şəklində olması haqqında elə ifadəli ayələr var ki, onlarda “dairəvilik”, “gecə və gündüzün sürüşməsi”, “kürənin yarısı” mənasında işlədilib.
Quranda, biz yerin kosmosda üzməsini, dağların da yerlə birgə üzməsini oxuyuruq, çünki yer və dağlar kosmosa nisbətən bir vəhdət təşkil edir.
“Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir.” (27:88).

Dağları biz hərəkətsiz durmuş hesab edirik, əsilində isə onlar üzərində dayandıqları yerlə birgə kosmosda üzürlər. Onların buludlarla müqayisəsində böyük məna var. Məna ondan ibarətdir ki, bu müqayisə dağların material quruluşunun kövrək olmasını göstərir. Biz bilirik ki, buludlar damcılardan ibarət olduğu kimi dağlar da xırda toz dənəciklərindən ibarətdir.

2. Sonra, gündüz və gecənin sinxronluğu haqda, onların dünya yaranandan bəri bir-birini əvəz etməsi haqqındakı ayə: “Nə günəş aya çatar, nə də gecə gündüzü ötə bilər.” (36:40).

Yerin kürə şəkilli olması haqqındakı işarə - bu, o deməkdir ki, gecə də, gündüz də kürənin hər iki yarımkürəsində eyni vaxtda başlanır. Əgər yer müstəvi şəkilli olsaydı, gündüz və gecə bir-birini əvəz edə bilərdimi?
Qiyamət günü yerə o vaxt gələcək ki, gündüz və gecə eyni vaxtda başlasın: “Yer üzü bəzənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gəlib, dünən üzərində bol məhsul olmamış kimi, onu biçər”. (10:24).

“Gecə və gündüz” sözlərində yerin dairəvi olmasını təsdiqləyən cavab gizlənir. Bunun açıqlanması ondan ibarətdir ki, yerin bir yarısına günəş şüaları düşməyəndə zülmət qaranlıq, yəni gecə olur, başqa yarısında isə, günəşə tərəf çevrilmiş hissədə işıq, yəni günüz olur. Bu da ki, yerin şarşəkilli olmasını sübut edir.
Əgər yer müstəvi şəklində olsaydı, hər yerdə sutkanın eyni vaxtı olardı və gecə-gündüz anlayışı bizə məlum olmazdı.

3.Sonra, Quranda dəfələrlə təkrar olunan günəşin çıxması və batmasının çoxluğu haqqında: “Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.” (70:40)
“İki məşriqin və iki məğribin Rəbbi (Günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.” (55:17)

Əgər yer müstəvi şəkilli olsaydı, şübhəsiz ki, günəş bir dəfə çıxardı və bir dəfə də batardı. “İnsan şeytana deyəcək: “Səninlə mənim aramdakı məsafə günəşin iki çıxışı qədər olaydı” (sərbəst tərcümə). Əgər yer kürəşəkilli olsa, günəş iki dəfə doğa bilməz.

4. Sonra Quranın mətnində trayektoriyası, meydanları, yolları olan göylər haqqında deyir: “(Cürbəcür ulduz) yolları olan göyə and olsun” (51:7).
“And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)” (86:1).

Yəni göylər yerdən onlara tərəf qalxan hər nə varsa, onu yerə qaytarır. Biz yuxarı nə atsaq, yerin cazibə qüvvəsinə görə geri qayıdır.
Bundan əlavə, göy, kosmosdan yerə gələn öldürücü ultrabənövşəyi şüalardan və meteoritlərdən yeri qoruyur və bizi xilas edir.
Göy bizim üçün süzgəç, yer üçün isə tavan rolunu oynayır: “Göyü qoruyub saxlanılan bir tavan etdik” (21:32).

“Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şey yaratmağa) qadirik.” (51:47)
Elmi dildə bu, yerin cazibə qüvvəsi qanunu deməkdir.

O zaman atom zərrəciyi ən kiçik sayılır və onun bölünməzliyini təsdiqləyirdilər. Quran isə atomun özünün bölünməsini və atomdan da kiçik ölçülü zərrəcik haqqında xatırladılır: “Göylərdə və yerdə zərrə (!) qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik (!)və yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın” (34:3).

Bütün bunlar yerin kürəşəkili olmasını, göylərin təbiətini, atomun quruluşunu göstərən qeyri-adi biliklərin sirrini cəsarətlə açır. Bu proqressiv fikirlər Quran göndərilən uzaq keçmişdə heç kimin ağlına gəlməzdi.

5. Quranın insanın yaranmasına aid sərrast və yığcam təsvirləri: “İnsanlardan və heyvanlardan hər bir cütü erkək və dişi yardan Odur- (Bir qətrə) nütfədən (Ata belindən analığa) axıb töküldüyü zaman.” (53: 45-46)

Bu bioloji qanunu elm ancaq indi açıb, ancaq indi biz bilmişik ki, spermatozoid bioloji növün irsiyyətinin ötürülməsində iştirak edən yeganə faktordur.

6. Əl barmaqlarının izlərinin unikal olması, dirilmənin və həmçinin bədən hüceyrələrinin bərpasının mümkünlüyünü göstərir.

“Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Bəli, biz onun barmaqlarını da (dünyada olduğu kimi) düzəltməyə qadirik.” (75: 3-4)

Allah deyir ki, “Biz onun barmaqlarını da düzəltməyə qadirik”. Halbuki dünya yaranan gündən bütün mövcud barmaqlardan hətta ikisinin izi bir-birinə tam uyğun gəlmir. Odur ki, bu ibarə də onu sübut edir ki, Quranın kiminsə tərəfindən yazılması mümkün deyil.

Quranda xatırladılır ki, evlərdən ən zəifi hörümçək yuvasıdır. Allah “hörümçəyin toru” yox, “hörümçəyin yuvası” deyib. Məlum olduğu kimi, hörümçəyin torunun sapı, adi sapdan dörd dəfə möhkəmdir. Burada zəiflik hörümçəyin evinə aiddir, onun toruna yox. Bu ev sığınacaq və yaxud xilas axtaranlar üçün ən pis daldalanacaqdır. Həm də bu ev, ora təsadüfən düşən çağırılmamış qonaqlar üçün bir tələdir. Bu ev hətta hörümçəyin öz “ailə üzvləri” üçün ölüm yeridir. Hörümçək əlaqədən sonra öz “ərini” yeyir. Ac hörümçək öz balalarını, balalar isə öz növbələrində bir-birlərini yeyirlər.
Buradan onu demək olar ki, köməyi Allahdan yox, başqalarından gözləyənləri belə bir tale gözləyir. Quranda bu haqda nadir mənalı bir ayə var: “Allahdan başqa özlərinə dost, hami qəbul edənlər özünə yuva quran hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş bilərdilər”. (29: 41).

Ayənin sonu (kaş bilərdilər) göstərir ki, bilik sonradan gəlir. Məlum olduğu kimi, bu bioloji sirr bu yaxınlarda aşkar edilib. Təbiidir ki, bunları Məhəmməd (s) bilə bilməzdi.

(Ardı burada)

Teqlər: