Avstriya ilə İKT sahəsi üzrə işçi qrupu yaradılacaq

Avstriya ilə İKT sahəsi üzrə işçi qrupu yaradılacaq
  23 Fevral 2018    Oxunub:1615
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Avstriya Milli Şurasının (Parlament) turizm, ətraf mühit komitələrinin sədrləri, yüksək texnologiyalar, nəqliyyat sahələri üzrə rəsmi şəxslər və şirkət rəhbərləri daxildir.

Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib. Nazir Azərbaycanla Avstriya arasında bütün istiqamətlərdə genişlənən əməkdaşlıq əlaqələrinin nəqliyyat və yüksək texnologiyalar sahəsində də uğurla davam etdirildiyini vurğulayıb. Ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafında qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri və perspektivlərdən də söz açıb.

Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini maraqla izlədiyini deyən Andreas Rayxhardt ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Baş katib ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat və İKT sektorunda da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, ölkəmizdə yaradılan sənaye zonalarının əhəmiyyətini vurğulayıb və bu sahədə əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Qarşılıqlı investisiya qoyuluşları, eyni zamanda avstriyalı şirkətlərin iştirakı ilə biznes-forumun təşkilinin müzakirə olunduğu görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex də iştirak ediblər.

Sonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyi arasında anlaşma memorandumunun imzalanması, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə İşçi Qrupunun yaradılması qərara alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti