Qazax və Ağstafanın su təminatı yaxşılaşdırılıb
Ağstafa rayonunun Qarayazı kəndində keçirilən açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, kəndlərə suyun verilməsinin Novruz bayramının gəlişindən xəbər verən su çərşənbəsi ilə bir günə təsadüf etməsi sakinlərdə yüksək bayram ovqatı yaradır. İcra başçısı qeyd edib ki, yeni içməli su xəttinin istismara verilməsi kənd sakinlərinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” prezidentin sərəncamına uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, artıq bütün rayonlarda tikinti-quraşdırma işləri yekunlaşıb və 2018-ci ildə də içməli sudan əziyyət çəkən digər kəndlərdə layihələrin icrası davam etdiriləcək.
Kənd sakinləri indiyədək su təminatı baxımından böyük çətinliklərlə qarşılaşdıqlarını bildiriblər. Bu sahədə problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ağstafa rayonunda icra olunan layihə rayonun Qarayazı, Soyuqbulaqlar, Soyuqbulaq və Həzi Aslanov kəndlərini əhatə edib. Qarayazı, Soyuqbulaqlar və Soyuqbulaq kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə bir ədəd yeni subartezian quyusu qazılıb, 25 kubmetrlik su çəni və nasosxana quraşdırılıb. Həzi Aslanov kəndinin içməli su təchizatı mövcud artezian quyusu hesabına həyata keçirilir. Bu kəndlərdə əhalinin ümumi istifadəsi məqsədilə 31 ədəd bulaq quraşdırılıb. Ümumilikdə bu layihədən 4 kəndin 2550 nəfər sakini faydalanıb.
Qazax rayonunda icra olunan layihə isə rayonun Kəmərli, Aslanbəyli və Daş Salahlı kəndlərini əhatə edib. Kəmərli və Aslanbəyli kəndlərini içməli su ilə təmin etmək üçün kəndlərin hər birində subartezian quyusu qazılıb. Daş Salahlı kəndinin su təchizatı üçün isə Coğazçay su mənbəyi seçilib. Layihə çərçivəsində Aslanbəyli kəndində əhalinin ümumi istifadəsi üçün 13 ədəd bulaq quraşdırılıb. Kəmərli və Daş Salahlı kəndlərində isə mövcud olmuş və istismara yararsız vəziyyətə düşmüş şəbəkə su xətləri yenilənib. Bu layihənin icrası nəticəsində Qazax rayonun 3 kəndinin 17500 sakinin içməli su problemi həll edilib.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.
AzVision.az