Uğur hekayəsi - 3 Azərbaycan qadını

Uğur hekayəsi - 3 Azərbaycan qadını
  09 Mart 2018    Oxunub:2186
8 mart Beynəlxalq Qadınlar Günü BMT-də bərabərlik və qadınların iqtisadi, siyasi və mədəniyyət arenasında əldə etdikləri uğurların qeyd olunduğu bir gündür. Bu il BMT-də 8 mart “Zaman məhz indidir: Böyük şəhər və bölgələrdə yaşayan qadınların həyatlarını transformasiya edən fəallar” mövzusu altında bütün dünya miqyasında işıqlandırılır.
Kiçik biznesə dəstək Azərbaycanın kənd yerlərində yaşayan qadınlara həyatlarını dəyişməyə və icmalarını yenidən qurmağa yardım edir ki uşaq anası olan 47 yaşlı Rəşadə Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda yaşayan olduqca bacarıqlı dərzidir. Çoxillik iş təcrübəsinə baxmayaraq o əlinin zəhməti ilə dolanmaq üçün daima gərgin işləməyə məcbur olub. Masallıda onun tikdiyi keyfiyyətli yorğan, döşək, yataq dəsti və gəlinlik ləvazimatlarına yüksək tələbat vardır. Lakin, bu tələbatı ödəmək üçün həddən artıq gərgin əmək, qətiyyət və bacarıq tələb olunur.

“Bir balaca otaqda dörd nəfər qalırıq”, o söyləyir. “Tikiş maşınım üçün kifayət qədər yer yoxdur, hələ parçalardan danışmıram”.

Lazımi iş şəraitinin olmaması səbəbindən gələcəkdə biznesini inkişaf etdirəcəyinə ümidi belə yox idi.
Sahibkarlığın inkişafı üçün imkanın və şəraitinin olmaması nəticəsində bacarıqların hədər getməsi halı xüsusilə də, Azərbaycanın kənd yerlərində və konkret olaraq, ailələrini dolandıran qadınlar arasında olduqca yayılmış bir haldır.

Masallıda qadınların malik olduqları və yüksək tələbatın olduğu bacarıqlarından istifadə etmək imkanlarının olmaması məsələsinin həlli yollarını Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və BMT-nin İnkişaf Proqramı (BMTİP)tərəfindən maliyyələşdirilən və qadınlara öz biznes müəssisələrini yaratmaq üçün lazımi biznes bacarıqlarını əldə etmələrinə kömək etmək məqsədini güdən layihə tapmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaş olduğu və BMTİP tərəfindən həyata keçirilən bu layihə çərçivəsində biznes ideyaların necə həyata keçirilməsi və mövcud kommersiya fəaliyyətlərinin necə genişləndirilməsinə həsr olunmuş təlim seminarları keçirir.

“Sizin yaxşı biznes ideyanız varsa, layihə Sizi avadanlıq, mal-qara və ya quşçuluq kimi qeyri-maliyyə yardımı ilə təmin edəcək və ya iş sahələrin bərpasında köməklik göstərəcək”, Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsinin rəhbəri Gülarə Hümbətova söyləyir. “Biz ödənişsiz biznes təlimi, həyat üçün zəruri olan bacarıqlar üzrə təlim və kompüter məşğələləri keçiririk”.

Layihə qadınların ictimai həyatda fəal iştirakına dəstək olmaqla qadın sahibkarlığını təşviq edir. Sabirabad, Neftçala, Salyan və Masallı rayonlarında yaradılmış beş Qadın Resurs Mərkəzi İnternetə pulsuz çıxışı, kompüterləşdirilmiş laboratoriya və kitabxanaları təmin etməklə kənd ərazilərində yaşayan qadınlar üçün şəbəkələrin yaradılması və genişləndirilməsinə yardım edir.

Rəşadə bu təlim imkanı barədə ilk dəfə köhnə dostundan eşitmişdi. Dostu ona zəng edərək Masallıda yenicə açılmış Qadın Resurs Mərkəzində haqqında eşitdiyi layihə barədə ona məlumat vermişdi.
“Sabahısı gün oraya getdim”, o söyləyir. “İyirmi qadın oraya toplaşmışdı və bizim hamımız təqdimatı diqqətlə dinləyirdik – lakin təqdimat bitdikdən sonra bizdən ideyalarımızı söyləməyimiz xahiş olunanda, hamımız susduq! Sonra özü-özlüyümdə fikirləşdim ki, ‘Heç nə itirmirəm!’ və əlimi qaldırıb ideyamı onlara söylədim”.

Onun ideyası iş yerinin olmaması problemini həll etməklə öz dərzilik biznesinə yenidən başlamasından və bu biznesi genişləndirməkdən ibarət idi. Layihə tərəfindən aparılan təlim və köməklik sayəsində o, evinin həyətində baxımsız qalan köhnə tövləni emalatxanaya çevirə biləcəyi təklifini etdi.

“Bu o qədər sadə görünürdü ki, mən heç vaxt bunun “biznes plan” olduğunu ağlıma belə gətirmirdim. Lakin, onlar mənim bu ideyamı ciddi qarşıladılar və mən təlim keçməyə başladım”.

Rəşadə və onunla təlimdə iştirak edən digər qadınlar məşğələlərin təkcə maraqlı və faydalı deyil, həm də yeni dostluq əlaqələrinin yaradılması üçün böyük imkanlar yaratdığının şahidi oldular. Rəşadə layihə sayəsində Gülər və Leyla kimi yeni dostlar qazandı.



Gülərin bizneslə bağlı ideyası öz kəndində kompüter kurslarının, və kollecə daxil olmağa hazırlaşan məktəb şagirdləri və yeniyetmələr üçün kursların açılmasından ibarət idi.



Leylanın təklifi isə kiçik südçülük təsərrüfatının yaradılmasından ibarət idi və o bu biznesin necə həyata keçirilməsi yollarını öyrənmək istəyirdi.

Digər layihə iştirakçıları ilə birlikdə Rəşadə, Gülər və Leyla biznes planını necə işləyib hazırlamağı, bazarda mövcud olan tələb və təklifi təhlil etməyi, istehsalın təşkilini, müştərilərlə və işçilərlə əlaqələr qurmağın yollarını öyrəndilər.

Təlimi tamamladıqdan sonra, bu üç təlim iştirakçısı bacarıqlarını və yeni biznes bilgilərini uğurla tətbiq etməyə başladılar.

Layihə Rəşadəyə emalatxana tikməyə və biznesini genişləndirməyə kömək etdi. Yığdığı pulla o emalatxananın divarlarının tikintisinə başlaya və beləliklə də, payız və qış aylarında biznesini davam etdirə bildi. Onun bu səyindən və layihənin yerli qadın sahibkarlığına olan müsbət təsirindən ruhlanan Masallının yerli hakimiyyəti divarların üzlənməsi üçün ona vəsait ayırdı.

Gülər yeni kompüter, printer və ofis mebelləri aldı və əldə etdiyi bacarıqlar potensial müştərilərin müəyyənləşdirilməsində və tutarlı büdcə təklifinin hazırlanmasında ona yardımçı oldu. Dolanmaq üçün təhsil kurslarının açılması ilə yanaşı, Gülər kənd məktəbində məktəblilər və müəllimlər üçün pulsuz dərslər də keçir.
Layihə, Leylaya inək almaqda, məsləhət əldə etmək və mentorluq üçün digər südçülük təsərrüfatları ilə əlaqə yaratmaqda kömək etdi. Əldə etdiyi bu uğur onun bir çox dost və qohumlarını ruhlandırdı, və bu, onların südçülük və quşçuluq təsərrüfatından biznes yaratmaq üçün təlim keçmək barədə düşünmələrinə gətirib çıxardı.
2017-ci ilin sonuna layihənin köməkliyi ilə beş rayonda qadınların rəhbərlik etdikləri müəssisələrin sayı 80-nə çatmış və Masallı Qadın Resurs Mərkəzinin üzvlərinin sayı 12 nəfərdən 253 nəfərə yüksəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BMT  





Xəbər lenti