Qadın sərnişinin sürücünü döyməsi ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO

Qadın sərnişinin sürücünü döyməsi ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO
  19 Mart 2018    Oxunub:4693
Bakı Nəqliyyat Agentliyi (BNA) 79 nömrəli marşrut avtobusunda qadın sərnişinin sürücünü yumruqla vurması və təhqir etməsinə münasibət bildirib.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzVision.az-a açıqlamasında deyib ki, 79 nömrəli marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sistemi ilə çalışır. Bu xətt üzrə avtobus sürücüləri "BakıKart" sisteminə qoşulan digər xətlərin sürücüləri kimi sərnişinlərlə münasibətdə etik davranış qaydalarına əməl etmələri ilə fərqlənir.

“Avtobusların təyin edilən sürət həddinə uyğun idarə edilməsi, dayanacaqdan kənar saxlama hallarına yol verilməməsi ilə bağlı tapşırıqlar maksimum dərəcədə əməl edilir. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi kurslardan keçən sürücülərə qarşı bəzi sərnişinlər tərəfindən belə hallara yol verilməsi doğru deyil. Sürücü vəzifə öhdəliyini yerinə yetirib. Sərnişinin bu cür hərəkəti qəbuledilməzdir və ümid edirik ki, daşıyıcının müraciəti əsasında müvafiq qurumlar tərəfindən tədbir görülməsi təmin ediləcək”.

Qeyd edək ki, bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda iki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən sürməyini tələb edib. Yaşıl işığın yanmasını gözlədiyini deyən və qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. Qadın sərnişin sürücünü yumruqla vurub. Mübahisə marşrutun son dayanacağında davam etdirilib.

Avtobusun məxsus olduğu "Xaliq Faiqoğlu " şirkətindən bildirilib ki, hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək.



Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   Avtobus   Sərnişin   Sürücü  





Xəbər lenti