Bakıda bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az-a bildirilib ki, builki Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar olaraq 23-25 mart tarixlərində trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işləri həyata keçiriləcək.
Belə ki, Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin bu tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində, Xəqani küçəsinin Xalq Bankın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti apreldə keçiriləcək Formula 1 yarışına hazırlıqla əlaqədar görülən işlər səbəbindən yaranan müvəqqəti çətinliyə görə paytaxt sakinlərindən üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən öz təşəkkürünü bildirir.
AzVision.az