Bakıda oğlan xanım sərnişini döydü - BNA-dan açıqlama (VİDEO)

AzVision.az-ın məlumatına görə, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir.
M.Ağayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etmələri ilə bağlı maarifləndirmə işləri aparır: "Bu çərçivədə foto və video materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bununla bağlı xüsusi kitabça da hazırlanıb. Apardığımız maarifləndirmə işləri, müvafiq qurumların tətbiq etdiyi inzibati cəza tədbirləri ilə yanaşı vacib olan daha bir təsirli vasitə də ictimai qınağın olmasıdır. Bu mənada bu cür halların sosial şəbəkələrdə paylaşılaraq ictimailəşdirilməsi təqdirə layiqdir".
Qeyd edək ki, dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. “Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla bağlı dərhal polisə məlumat verilib.
AzVision.az