138 nəfər valideynlik hüququndan məhrum edilib

138 nəfər valideynlik hüququndan məhrum edilib
  09 Aprel 2018    Oxunub:2770
Ana-ata öz məsuliyyətini lazımınca yerinə yetirə bilmədikdə qanunvericiliyə uyğun olaraq uşaq valideyndən alınaraq internat evinə yerləşdirə bilər.

Bunu AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev bildirib.
Onun sözlərinə görə, təcrübədə bu hal geniş yayılmayıb. Lakin iki il ərzində 138 nəfər valideynlik hüququndan məhrum edilib: “Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-ci ildə 76 valideyn, 2015-ci ildə 62 valideyn valideynlik hüququndan məhrum edilib. Bunlar məhkəmə qərarı olan hallardır. Lakin çalışılır ki, uşaq valideynlərdən alınmasın, ailə mühitindən kənarlaşdırılmasın. Uşağın ailədə tərbiyə almasına daha çox diqqət edilir. Əgər uşağın avara və ya dilənçiliklə məşğul olduğu aşkar edilirsə, o zaman valideynlə söhbət aparılır, daha sonra isə uşağın həmin valideynlə qalması uyğun olmursa, o zaman müvafiq müəssisəyə yerləşdirilir”.

P.Əliyev bildirib ki, uşağın ailədən alınaraq hansısa müəssisəyə yerləşdirilməsi o qədər də müsbət addım sayılmır: “Uşağın ailədə tərbiyəsi, valideyn qayğısı altında normal böyüməsi daha məqsədəuyğundur. Yerli icra hakimiyyəti orqanlarının uşaqlarla işləyən komissiyaları həmin ailədə olan uşaqların təhsilə davamiyyətinə, sağlamlıq məsələlərinə daim nəzarət edirlər. Yox əgər uşağın ailədə tərbiyəsi mümkün deyilsə, məsələn, valideyn xəstədir, uşağına baxa bilmir və ya valideynin həyat tərzi imkan vermirsə, bu halda həmin komissiya müvafiq qərar qəbul edir və uşaqların müvafiq qurumlara yerləşdirilməsinə aidiyyatı üzrə müraciət edirlər”.

Komitə rəsmisi qeyd edib ki, valideyn məsuliyyətsizliyi, övladına təlim-tərbiyə verməməsi, uşağını avarlığa və ya dilənçiliyə sövq edilməsi ilə bağlı il ərzində təxminən 250-260 hal qeydə alınıb: “Demək olar ki, bu rəqəm o qədər də dəyişmir. Həmin valideynlər barəsində cərimə tədbiri görülür, xəbərdarlıq edilir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Komitə   Valideyn  





Xəbər lenti