L. Məmmədova bildirib ki, cinsi yetkinlik problemləri özünü vaxtından əvvəl cinsi inkişaf və cinsi inkişafın ləngiməsi kimi göstərə bilər. "Dünyanın əksər ölkələrində 8 yaşa qədər qız uşağında bir və ya bir neçə ikincili cinsi əlamətin qeyd olunması vaxtından əvvəl cinsi inkişaf kimi dəyərləndirilir. Uşaqlarda ginekoloji patologiyanın strukturunda vaxtından əvvəl cinsi inkişafın yayılma tezliyi 2,5-3% təşkil edir. Cinsi inkişafın ləngiməsi 13-14 yaşda ikincili cinsi əlamətlərin olmaması və ya zəif inkişafı, 15-16 yaşda aybaşı funksiyasının başlanmaması ilə təzahür edir".

Cindi pozuntuların sonsuzluğa səbəb ola biləcəyini deyən həkim mama-ginekoloq bildirib ki, bu gün ölkədə sonsuzluğun dəqiq statistikası barədə məlumat yoxdur. "Belə ki, cütlük eyni problemlə bir neçə klinikaya müraciət edə bilər. Hər bir klinika pasiyenti sonsuzluq diaqnozu ilə qeydiyyata alır və nəticədə eyni pasiyent bir neçə müəssisənin statistik hesabatında göstərilir. İkinci məqam – rəsmi nikah olmadığından ailədə övladın olmaması da dövlət orqanlarında qeydiyyata alınmır. Lakin müraciət edən pasiyentlərin hansı problemlərlə əlaqəli müraciət etməsini araşdırdıqda sonsuzluq probleminin aktuallığı şübhə doğurmur. Süni mayalanma üçün müraciət edən cütlüklərin sayının artması həm əhali arasında köməkçi reproduktiv texnologiyalara münasibətin dəyişməsi, həm də sonsuzluğun müayinə və müalicəsində yeni yanaşmaların tətbiq olunmasıdır. Əgər bir neçə il əvvəl həkimlərimiz illərlə sonsuzluğun müalicəsini aparırdılarsa, artıq vacib müayinələr aparıldıqdan və müvafiq müalicə təyin olunduqdan sonra aşkar olunmuş patologiyadan asılı olaraq müəyyən bir müddət ərzində hamiləlik baş vermirsə, köməkçi reproduktiv texnologiyalar barədə cütlüyə məlumat verilir".
Aytən Zəhra
AzVision.az