Gömrükdə mənşəyi doğru göstərilməyən mallar saxlanılıb

Gömrükdə mənşəyi doğru göstərilməyən mallar saxlanılıb
  01 May 2018    Oxunub:1244
Moldovanın "Grand Decor" SRL şirkətindən Azərbaycana - Bakı şəhərində yerləşən "Gren Yard" MMC-nin adına göndərilən yüklərin Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilməsi zamanı "Gren Yard" MMC-nin təqdim etdiyi sənədlərdəki məlumatların düzgünlüyü şübhə doğurub.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu səbəbdən, Moldova Maliyyə Nazirliyinin Gömrük Xidmətinə sorğu məktubları göndərilib. Daxil olan cavab məktublarında "Gren Yard" MMC-nin adına yük göndərən "Grand Decor" SRL şirkətinin Moldova gömrük orqanlarında xarici iqtisadi fəaliyyət iştirakçısı kimi qeydiyyata alınmadığı bildirilib. Eyni zamanda, sözügedən yüklərin Moldova gömrük orqanlarında rəsmiləşdirilmədiyi müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, 2017-2018-ci illər ərzində 99FV424/99ZA931, 99HF424/99ZB996, 33DFY23/33EKP54 və 90OX361/99ZB194 nömrə nişanlı avtomaşınlarla mal-müşayiət sənədlərinə əsasən Moldovanın "Grand Decor" SRL şirkəti tərəfindən "Gren Yard" MMC-nin adına göndərildiyi qeyd edilən və Bakı Baş Gömrük İdarəsində "Gren Yard" MMC tərəfindən 14 gömrük bəyannaməsi ilə rəsmiləşdirilən müxtəlif mallar, əslində, Moldovaya deyil, İtaliyaya məxsus olub və həmin yüklər Moldovadan deyil, İtaliyadan göndərilib.

Beləliklə, "Gren Yard" MMC-nin 2017-2018-ci illər ərzində malların gömrük rəsmiləşdirilmısi zamanı gömrük orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər təqdim etməklə xeyli miqdarda, yəni 82823,85 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayındığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti