Azərbaycanda meşə yanğınlarının əsas səbəbləri

Azərbaycanda meşə yanğınlarının əsas səbəbləri
  04 May 2018    Oxunub:2830
“Azərbaycanda meşə örtüyü qeyri-bərabər paylanılıb. Meşə örtüyünün 39 faizi Böyük Qafqazda, 34 faizi Kiçik Qafqazda, 15 faizə yaxını Talış dağlarında, 2 faizi isə Aran düzündə yayılıb”.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib.

O, bildirib ki, yeni meşələrin salınması istiqamətində müvafiq tədbirlər aparılır: "Azərbaycan meşələri əhəmiyyətinə görə birinci qrup meşələrə aid edilib. Meşələrin yanğından mühafizə edilməsi üçün mühüm işlər aparılır. 650 hektar ərazidə eni 3 metr olan minerallaşmış zolaqlar çəkilir. Aparılan analizlər, rəqəmlər, təhlillər deməyə əsas verir ki, Azərbaycan meşə yanğınlarından az əziyyət çəkən ölkədir. Meşələrin ilkin baxımdan tərkibi bunu təmin edir. Məlumdur ki, iynəyarpaqlı meşələrdə yanğın çox olur. Azərbaycan meşələrinin 1 faizi iynə yarpaqlı, qalanları isə enli yarpaqlıdır”.

S.Abbasov qeyd edib ki, meşə yanğınlarının qarşısının tam alına bilinməməsinin səbəbi insan faktorudur: “Taxıl biçinindən sonra körşənlərin yandırılmamasını desək də, insanlar buna əməl etmirlər. Yanğınlar əsasən turistlərin, ovçuların, köçəri insanların məsuliyyətsizliyi səbəbindən baş verir. Tonqal qalayırlar, uşaqların əlinə kibrit verirlər və nəzarətsiz qoyurlar. Həmçinin yanğının söndürülməsində bizə həmişə rəsmi qurumlar kömək edir, yerli insanlar isə seyrçi mövqeyində qalırlar. Bu məsələyə ictimaiyyətin diqqətini çəkmək istəyərdik”.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Yanğın   Meşə  





Xəbər lenti