Bakıda bu xəstəxanada insanları itlər müalicə edir - FOTOLAR

Bakıda bu xəstəxanada insanları itlər müalicə edir - FOTOLAR
  07 May 2018    Oxunub:14509
İtlər sədaqətli ev heyvanı olmaqla yanaşı, həm də bəzi xəstələr üçün şəfa mənbəyidir. Nə qədər qəribə səslənsə də, ölkəmizdə bir çox xəstələri iynə-dərmanla yox, itlərlə müalicə edirlər.
İtlərlə müalicə - kanisterapiya dünyada geniş yayılıb. Azərbaycanda bu cür müalicə üsulundan 1 saylı Respublika Psixioterapiya xəstəxasında geniş istifadə olunur.

Xəstəxananın həkim-psixiatrı Ayşən İskəndərova AzVision.az-a bildirib ki, dərmanla müalicəsi mümkün olmayan xəstələr kanisterapiya ilə sağaldılır.



“Pasiyentlərimizdə bir sıra psixiatik siptomlar olur ki, hətta dərman vasitəsi ilə bunu müalicə etmək mümkün olmur. Amma bu üsul həmin xəstəliklərin müalicəsində müsbət nəticələr əldə etməyimizə imkan yaradır. İtlər insanların müalicə olunması və sosial reabilitasiyasına kömək edir”.

A.İskəndərova deyib ki, itlərlə müalicə üsulu şizofreniya, alkoqolizm, depresiya və travmadan əziyyət çəkən xəstələrə tətbiq edilir.



Müşahidələrimiz zamanı 1 saylı Respublika Psixioterapiya xəstəxasında itlərlə müalicə alanların sayının az olmadığını gördük.

Anar Haqverdiyev adlı pasiyent itlərlə müalicənin səhhətində müsbət dəyişikliklər yaratdığını bildirib: “Mən əvvəllər yuxusuz və narahat idim. İtlərlə müalicə alandan sonra isə özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Gündə 3 dəfə itlərlə gəzintiyə çıxıram. İtləri yedizdirirəm, gəzdirirəm, çimizdirirəm və onlarla oynayıram. Burada mənə ən yaxın olan it isə Tobidir. O, mənim ən yaxın dostumdur. Məni ən yaxşı başa düşən elə bu itdir. Hətta buradan evə getmək istəmirəm”.



Müalicənin faydalı tərəfindən danışan həkim-psixiatr Ayşən İskəndərovanın fikrincə, terapiya insanlarla yanaşı itlər üçün də xeyirlidir.

Qeyd edək ki, itlərlə müalicə üsulu ölkəmizdə yeni olsa da, İngiltərədə 1792-ci ildən tətbiq edilir. Son 50 ildə isə amerikalı uşaq psixoloqu Boris Levinson həmin müalicə üsulundan fəal istifadə etməyə başlayıb. Onun ilk xəstələri uşaqlar olub.







Ülviyyə Çingizzadə
AzVision.az


Teqlər: Xəstə   İt   Müalicə  





Xəbər lenti