"Yanan bina" - Faciədən 3 il ötür

  19 May 2018    Oxunub : 254
"Yanan bina" - Faciədən 3 il ötür
Bakının Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 3 il ötür.
AzVision.az xəbər verir ki, 2015-ci ilin 19 may tarixində səhər saatlarında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb. Yanğının başlamasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Ötən ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərə hökm oxunub. Təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

AzVision.az

Teqlər: Binəqədi   Yanğın