Serbiya Azərbaycanın suverenliyini dəstəkləyir

  21 May 2018    Oxunub : 266
Serbiya Azərbaycanın suverenliyini dəstəkləyir
“Sizə bu səmimi və xoş sözlərinizə görə təşəkkür etmək istəyirəm. Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü ifadə etmək istərdim”.
AzVision.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

“Düşünürəm ki, mən Sizin Prezident seçilməyinizdən sonra ölkənizə səfər edən ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəfdir. Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir. Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik”-deyə, Vuçiç bildirib.

Serbiya prezidenti qeyd edib ki, ölkəsi Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyir: “Mənim ölkəmin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə minnətdarıq. Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaqdır. Cənab Prezident, biz Sizin siyasətinizi çox yüksək qiymətləndiririk. Siz elə bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığınızı qoruyursunuz və vətəndaşların firavanlığı naminə əlinizdən gələni edirsiniz. Çünki Sizin ölkəniz olduqca mürəkkəb regionda, müxtəlif regionların kəsişməsində yerləşir və Siz ölkənizi nümunəvi şəkildə qoruyub saxlaya bilmisiniz.

Eyni zamanda, iqtisadi maraqlarınız da təmin edilir. Münasibətlərimizin təkmilləşdirilməsində bizim böyük potensialımız var. Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaqdır. Sonuncu iclas 2015-ci ildə olmuşdur. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir”.

Aleksandr Vuçiç əlavə edib ki, iki ölkə arasında arasında heç bir mübahisəli məsələ yoxdur: “Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkildə dəstəkləyirik. Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi burada, media qarşısında Serbiyaya rəsmi səfərə dəvət edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin, həm Sizə, həm də ölkənizə olan rəğbət və ehtiramın şahidi olacaqsınız. Azərbaycan bizə dost ölkədir və tezliklə Sizi Belqradda görmək ümidindəyik.

Sizi təbrik edirəm ki, ölkənizin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verirsiniz. Bu da əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir. Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək səviyyədə qarşılıqlı sərmayə qoyuluşu baxımından yaxşı imkanlar yaradır. Cənab Prezident, səmimi dostluğa görə Sizə bir daha təşəkkürümü bildirirəm və Sizi tezliklə Belqradda görmək ümidindəyəm. Sağ olun”.

AzVision.az

Teqlər: Azərbaycan   Serbiya