“XİN yumuşaq mövqedən əl çəkməlidir” - Partiya sədri

“XİN yumuşaq mövqedən əl çəkməlidir” - Partiya sədri
  23 May 2018    Oxunub:1786
“Azərbaycan 25 ildən çoxdur ki, Ermənistana güzəşt edir. Artıq güzəşt limiti bitib və sözü Azərbaycan əsgəri, zabiti deməlidir”.

Bunu AzVision.az-a Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyib. Deputat hesab edir ki, Ermənistan sülh yolu ilə işğal etdiyi torpaqlardan əl çəkən deyil.
“Ermənistanla danışıqlar aparılırsa, bu, onlara Azərbaycanın ən böyük güzəştdir. Neçə illərdir Azərbaycan özünün sülhpərvər mövqeyini ortaya qoyub. Lakin Ermənistan işğal etdiyi torpaqlardan getməyəcək. Bunun üçün Azərbaycanın Milli Ordusu, qəhrəman əsgər və zabitləri öz sözünü deməlidir. Ölkə prezidentinin siyasəti məhz bu istiqamətə köklənib. Bizim güclü ordumuz sözünü deməyə qadirdir. Əlverişli şərait yaranan kimi dərhal torpaqlarımızın azad edilməsi üçün hərəkətə keçməliyik. Bunun başqa yolu yoxdur”.

Deputat hesab edir ki, Ermənistanda kimin rəhbər olmasından asılı olmayaraq, bu ölkənin işğalçı siyasəti dəyişməz qalır: “Dünən Sarkisyan idi, bu gün Paşinyandır. Sabah başqa bir "yan" olacaq. Onların hamısı eyni mövqedə dayanacaqlar. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq onların mövqeyi dəyişməyəcək. Bunu hər kəs bilsin. İki əsrdir ermənilər bizə qarşı vəhşilik törətməklə məşğuldur. Ermənilərlə 200 ildən artıq davam edən savaşda öz sözümüzü deməliyik. Nəinki Qarabağı, Zəngəzuru, Göyçə mahalını da azad etməliyik. Bizim İrəvan torpaqlarına qayıtmağımız tarixi zərurətə çevrilməlidir. Bu istiqamətdə hücumlarımızı davam etdirməliyik”.

F.Ağamalının sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana münasibətdə ritorikasını sərtləşdirməlidir: “Azərbaycan Xarici İşlər Nazirliyi öz fəaliyyətində bununla bağlı ciddi dönüş yaratmalıdır. Yumuşaq mövqedən əl çəkməlidir. Bu, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin mövqeyidir. Xarici İşlər Nazirliyinin bu və buna bənzər bəyanatlarını uzun illərdir eşidirik. Daha fərqli, Ermənistana və dünyaya ciddi mesajlar verəcək fikirlər söylənilməlidir. Ölkə prezidentinin kəskin mövqeyi ortadadır və onun bu mövqeyi Ermənistanı ciddi təşvişə salır. Bunun ardı Xarici İşlər Nazirliyi səviyyəsində gəlməlidir. Xarici İşlər Nazirliyi səviyyəsində ölkə prezidentinin sərt mövqeyi ifadə olunmalıdır. Təkcə partiya sədri, millət vəkili kimi yox, Azərbaycan vətəndaşı kimi bunu arzulayıram. Bizə müraciətlər olunur ki, nə üçün Xarici İşlər Nazirliyi belə yumuşaq mövqe sərgiləyir? Cavab verə bilmirik. Bu fikirlərimdə səmimiyəm, heç bir qərəz yoxdur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Fəzail-Ağamalı   Qarabağ  





Xəbər lenti