Abituriyentlərin nəzərinə!

  23 May 2018    Oxunub : 340
Abituriyentlərin nəzərinə!
Beynəlxalq təhsil proqramları (International Baccalaurate®, A-level, SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə şərtləri müəyyənləşib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-a bildirilib ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının 19-cu bəndində qeyd olunduğu kimi ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində beynəlxalq təhsil proqramları (International Baccalaurate®, A-level, SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan vətəndaşları aşağıdakı müsabiqə şərtlərini ödədikləri halda ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan müvafiq ixtisasları üzrə müsabiqədə DİM tərəfindən keçirilən qəbul imtahanlarında müvafiq nəticələr əldə etmiş abituriyentlərlə yanaşı iştirak edə bilərlər:

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və IELTS imtahanından ən azı 6.0 bal nəticə əldə etdikləri halda;

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və TOEFL İBT imtahanından ən azı 75 bal nəticə əldə etdikləri halda.

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və PTE Academic imtahanından ən azı 50 bal nəticə əldə etdikləri halda.

Qeyd olunan şərtləri ödəyən abituriyentlər üçün Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən “Mühasibat uçotu və audit” , “Maliyyə” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə plan yerləri ayrılıb.

Həmin ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər mayın 29-dək aşağıdakı sənədləri şəxsən DİM-ə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1 M) təqdim etməlidirlər.

1. “Abituriyentin elektron ərizəsi”nin surəti;

2. Təhsil sənədinin əsli və surəti (cari ilin məzunları - ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini cari ildə beynəlxalq təhsil proqramları üzrə bitirmələri haqqında məktəbdən arayış, iyul ayının 20-dək – təhsil sənədinin əsli və surəti)

3. Müvafiq imtahan nəticələri.

Bundan əlavə, həmin abituriyentlər SAT imtahanı nəticələrini elektron variantda College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) göndərməlidirlər.

Qeyd olunan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (aprelin 22-də keçirilmiş Azərbaycan dili fənni üzrə birinci imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) iyunun 10-da Azərbaycan dili fənni üzrə imtahanda iştirak edərək “məqbul” qiymət almalıdırlar. Bunun üçün onlar mayın 29-dək dim.gov.az saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən “test imtahanı verəcəyi dil” bölməsində rus dilini seçməlidirlər. 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar.

AzVision.az

Teqlər: DİM