Göyçayın 38 kəndi ilə əlaqə kəsilib

Sel suları çayın kənarındakı torpaq qatını yuyaraq elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb, internet kabelini kəsib, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb.
Komissiya sədri bildirib ki, təbii fəlakət zamanı Göyçay şəhərinin bir hissəsinə və kəndlərə qaz verilişi dayanıb, fiberoptik kabel xətti, beynəlxalq telefon xətti qırılıb, 8 kəndin rabitə əlaqəsi kəsilib: "Gecədən səhərədək ərazidə “Aztelekom” İB-nin 4 briqadası çalışaraq rabitə və internet sistemində olan problemləri aradan qaldırıblar. Hazırda qaz xəttinin bərpası üçün işlər görülür. Sel suları uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünü dağıtmaqla Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Həmçinin, Göyçay çayın sol sahilində yerləşən şəhərin böyük bir hissəsində, eləcə də 38 kənddə yaşayan insanların rayon mərkəzi ilə əlaqəsi kəsilib”.
AzVision.az