Şamaxıda sel bir sıra fəsadlar törədib - FOTO

  15 İyun 2018    Oxunub : 437
Şamaxıda sel bir sıra fəsadlar törədib - FOTO
Şamaxının Zaradxeybəri kəndində torpaq sürüşməsi baş verib, sel suları əhaliyə ziyan vurub.
Kənddə baş verən sürüşmə nəticəsində yaşayış məntəqəsinin əsas yolu üzərindəki avtomobil körpüsü dağılıb, əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Kənd sakinləri bildiriblər ki, son bir ay ərzində intensiv yağan yağışlar nəticəsində dağlardan gələn sel suları Zaradxeybəri kəndində fəsadlar törədib. Kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus əkin sahələri suyun altında qalıb.



Eyni zamanda, yağışlardan sonra kəndin əsas avtomobil yolunda torpaq sürüşməsi baş verib. Rayon mərkəzindən 40 kilometr şimalda yerləşən və Şamaxının ən ucqar dağ kəndi olan Zaradxeybəri kəndinin avtomobil yolunun 3 hissəsində baş verən torpaq sürüşməsi nəticəsində iri yarğanlar əmələ gəlib. Bəzi yerlərdə yarğanların dərinliyi 2 metrə çatır. Elə bu səbəbdən kəndə gediş-gəliş tamamilə məhdudlaşıb.

Aidiyyəti qurumlar tərəfindən kəndə ağır texnikalar və canlı qüvvə göndərilib, körpünün bərpasına başlanılıb. (AzərTAc)



AzVision.az

Teqlər: Şamaxı   Sel   Sürüşmə