Lənkəran düyüsü xarici bazara çıxarılır

Lənkəran düyüsü xarici bazara çıxarılır
  19 İyul 2018    Oxunub:11634
Lənkəranlı fermer becərdiyi yerli “Həşimi” düyüsünü xarici bazarlara çıxarır.
AzVision.az xəbər verir ki, Lənkəran şəhəri, Girdəni kəndində yaşayan fermer Rüfət Əskərov dövlətdən aldığım kredit hesabına çəltik sahəmin həcmini 20 hektara çatdırıb.

“Çəltikçilik rentabelli sahədir, bu sahənin inkişafı üçün maddi dəstəyə ehtiyac var. Maddi resurs tapmaqda çətinlik çəkirdim, o səbəbdən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə müraciət etdim. Dövlət Xidməti mənim müraciətini yüksək səviyyədə qarşıladı, müraciətinə baxdılar və müsbət rəy verdilər”.

Beş ildir çəltikçiliklə məşğul olan fermer qeyd edib ki, ən əsası çəltiyə qulluq zamanı aqrotexniki qaydalara tam riayət olunmasıdır.

“Bu il çox yüksək məhsuldarlıq gözləyirəm. Öz sahəmdə yerli, ənənəvi olan Həşimi toxumundan istifadə edirəm. Həşimi maraqlı çəltik növüdür. Məhsuldarlığı digər düyülərə nisbətən az olsa da, çox ətirli düyüdür. Buna görə bazarda satılan digər düyülərdən yaxşı mənada fərqlənir. Yerli Həşimi düyüsünə tələbat böyükdür və çoxlu sayda insanı öz müştərimizə çevirə bilmişik”.

Rüfət Əskərov bildirib ki, yetişdirdiyi düyünün müştərisi təkcə yerli alıcılarla məhdudlaşmır: “Biz istehsal etdiyimiz düyünü onlayn resurslarda və “Facebook” səhifəmizdə reklam edərək xarici bazarlara çıxarırıq. Düyümüzə xarici ölkələrdə tələbat böyükdür. Hal-hazırda əkdiyimiz düyüyə artıq əvvəlcədən sifarişlər almışıq”.

Fermer deyir ki, yerli və ətirli düyü sortlarından istifadə Azərbaycan mətbəxinin daha da tanıdılmasında mühüm rol oynayır: “Aş yeməklərin şahı hesab olunur. Toy məclislərində, digər məclislərdə, bayram günlərində mütləq aş bişirilir. Ənənəvi, yerli Həşimi düyüsündən hazırlanmış ətirli plov doğrudan da süfrəmimizin tacı sayıla bilər”.

AzVision.az



Teqlər: Lənkəran  





Xəbər lenti