Siçanlar Hitlerə qarşı: Stalinqrad döyüşündə heyvanlardan necə istifadə olunmuşdu - TARİXİ ARAŞDIRMA

Siçanlar Hitlerə qarşı: Stalinqrad döyüşündə heyvanlardan necə istifadə olunmuşdu - TARİXİ ARAŞDIRMA
  21 İyul 2018    Oxunub:88493
Dünya tarixinin ən qanlı səhifələrindən biri olan II Dünya Müharibəsi zamanı insanlarla yanaşı, heyvanlar da böyük “qəhramanlıqlar” göstəribilər. Əlbəttə, belə “qəhrəmanlıq”ları mükafatsız qoymaq doğru olmazdı. Elə bu səbəbdən də 1943-cü ildə müharibədə iştirak edən və insanlıq adına xidmət etmiş heyvanların mükafatlandırılması üçün Mariya Dikin tərəfindən “Dikin” medalı təsis olunmuşdu. “Dikin” medalı həm də heyvanların “Viktoriya Xaçı” adlandırılırdı.
Beləcə, “Dikin” medalı ilə ikinci dünya müharibəsi zamanı və ondan sonrakı illərdə (1943-1949) böyük işlər görmüş 32 göyərçin, 18 köpək, 3 at və 1 pişik mükafatlandırılıb. Həmin mükafata ilk layiq görülənlər Britaniya hava qüvvələrinə xidmət edən 3 göyərçin olub.

Lakin Hitler Almaniyasına qarşı savaşda heyvanlar təkcə ABŞ, Britaniya, Fransa ordusunda deyil, eyni zamanda SSRİ ordusunda da “döyüşüblər”.

İkinci dünya müharibəsinin taleyini dəyişən Stalinqrad cəbhəsində almanlar 500.000-850.000 nəfər arası itki veriblər, 91 min nəfər əsir düşüb. Stalinqrad cəbhəsindəki qanlı döyüşlərin başqa maraqlı tərəfi də var. Müharibənin ilk illərində uduzan sovet ordusu düşmənin qarşısını almaq üçün Stalinin əmrilə ağla gələn bütün yollara əl atırdı. Təəccüblü görünsə də, belə yollardan biri də Stalinqrad savaşında tarla siçanlardan istifadə olunması idi.



III Reyxin güclü tank briqadaları 1942-ci ildə Stalinqradda toplananda sovet ordusu “Leopard” və “Pantera” adlı alman tanklarının qarşısında şanssız olduğunu çox gözəl anlayırdı. Elə bu səbəbdən də, fərqli yollar axtarışına başladılar. İlk baxışdan ağılasığmaz görünsə də, sovetlər tanklara qarşı “heyvanlardan ibarət ordu” qurmaq qərarına gəlirlər.

İlk hazırlanan ordu itlərdən ibarət olur. Alman tanklarını məhv etmək üçün təlimatlandırılan köpəklər müharibə sırasında istənilən effekti vermirlər. Tankın altında minanı qoyub, daha sonra çıxması öyrədilən itlərin böyük hissəsi elə mina ilə birlikdə partlayaraq, məhv olmuşdu. Bu taktikanın effektiv olmadığını görən sovet hərbi mütəxəssisi, prof. İqor Varenko ələ keçirilən alman tankını texniki cəhətdən analiz etdikdən sonra maraqlı bir ideya ilə çıxış edir.

Qeyd etmək lazımdır ki, İqor Varenko özü Smolensk Tibb Universitetində “Gəmiriçilərin araşdırılması bölməsi”nə rəhbərlik edirdi. Həmin bölmə gəmiriçilər üzərində elmi tədqiqatlar aparmaqla məşğul olurdu. Bu sahədəki biliklərinə əsaslanaraq, prof. Varenko siçanların müharibədə, xüsusilə də tanklara qarşı istifadəsində inanılmaz yeniliklərə imza atır. Belə ki, alman hərbi maşınlarında elektrik kabelləri ilə yanacaq borularının plastik materialla bağlandığını görən hərbi müətəxəssislər onlara qarşı öyrədilmiş tarla siçanlarından istifadə etmək qərarına gəlirlər.

Qısa müddətə xeyli siçana təlim keçərək, onları hazır vəziyyətə gətirirlər. Beləliklə, ilk dəfə Kirov yaxınlığında yerləşən alman tanklarının üzərinə təyyarələrdən atılan tarla siçanları bir neçə həftə içərisində yüzlərlə hərbi texnikanı sıradan çıxarır. Bəzi mənbələr yazır ki, 1942-ci ildə hücuma hazırlaşan 22-ci tank briqadasının tərkibində olan 104 tankdan sadəcə 20-si texniki baxımdan işlək vəziyyətdə idi, qalan texnikanın hamısı tarla siçanları tərəfindən yarasız hala salınmışdı.



Tankların plastik kabellərini gəmirən siçanların birdən-birə necə ortaya çıxdığını anlamayan almanlar qısa müddət sonra gəmiriçilərin məhz sovet qırıcıları tərəfindən atıldığının fərqinə varırlar.

Sovet ordusu gəmiricilərdən təkcə hərbi texnikaya qarşı deyil, alman əsgərlərinin özlərinə qarşı da istifadə etmişdilər. Belə ki, bəzi mənbələrin yazdığına görə, Stalinqradda savaşan almanların müxtəlif epidemik xəstəliklərə yoluxdurulmasında təlim keçmiş siçanlardan bir vasitə kimi məharətlə istifadə olunmuşdu.

Bir müddət sonra SSRİ-nin siçan ordusuna qarşı almanlar pişikləri cəlb etməyə başladılar. Almanların işğalı altında olan Avropadan toplanan minlərlə pişik Stalinqrad cəbhəsinə göndərildi. Eyni zamanda, tankların gəmiriçilər tərəfindən sıradan çıxarılan hissələrini yaxından incəliyən alman mühəndisləri zəif yerləri möhkəm materialdan istehsal etməyə başladılar.

Fərrux Həsənov
AzVision.az üçün


Teqlər: İkinci-Dünya-Müharibəsi   Stalinqrd-döyüşü  





Xəbər lenti