Qida təhlükəsizliyinə nəzarət gücləndirilir

Qida təhlükəsizliyinə nəzarət gücləndirilir
  10 Avqust 2018    Oxunub:5808
Qida Təhlükəsizliyi Agentliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun imzalanıb.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qida zəncirinin bütün mərhələrində sahibkar məmnunluğuna nail olunmaqla xidmətlərin təşkili, kiçik və orta biznesin ixrac potensialının artırılması məqsədilə qarşılıqlı fəaliyyətin təşkili, birgə layihələrin həyata keçirilməsi və məlumat mübadiləsini genişləndirmək haqqında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib.

Memorandumu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Q.Təhməzli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması və digər istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri O.Məmmədov qeyd edib ki, hazırda kiçik və orta sahibkarlığın (KOS) inkişafını dəstəkləmək üçün birgə səylər göstərilir, dövlət qurumları arasında əməkdaşlıq sahibkarlığın və biznes mühitinin inkişafına təkan verməklə yanaşı yerli istehlakçıların hüquqlarının müdafiəsi və idxal-ixrac prossesi zamanı məhsullara nəzarət imkanlarını genişləndirilməyə şərait yaradır.

Çıxışlardan sonra Q.Təhməzli və O.Məmmədiv əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.

Qeyd edək ki, Anlaşma Memorandumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsulların istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunması, habelə qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılması, qida təhlükəsizliyi sahəsində birgə monitorinqlərin təşkili, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi və xarici elmi-tədqiqat institutları ilə fəaliyyətin əlaqələndirilməsinin təşviq edilməsi, qida təhlükəsizliyi ilə məşğul olan elmi-tədqiqat institutlarının maddi-texniki bazasının inkşaf etdirilməsi üçün birgə fəaliyyətlər həyata keçiriləcəkdir.

AzVision.az


Teqlər: AQTA  





Xəbər lenti