Pambıqçılığın inkişafına dair müşavirə keçirilib - Fotolar

Pambıqçılığın inkişafına dair müşavirə keçirilib - Fotolar
  15 Avqust 2018    Oxunub:2877
Salyanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı martın 26-da Bərdə rayonunda keçirilmiş “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilmiş tapşırıqların icrasına həsr olunmuş respublika müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutan müşavirədə çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Bununla da kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə edilib. Nazir bildirib ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, valyuta axının qarşısının alınması, vətəndaşların keyfiyyətli və əlçatan kənd təsərrüfatı məhsulları ilə təminatı qarşımızda duran əsas məqsədlərdən biridir.



Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən kənd təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib. Nazir çıxışında 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.



Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambığın intensiv texnologiyalar əsasında becərilməsi”, kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov “Cari ildə pambıq əkininin vəziyyəti”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Seymur Mövlayev “Pambıqçılıqda texnika, gübrə və pestisidlərlə bağlı mövcud vəziyyət”, Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov “Pambıq əkinlərində səmərəli bitki mühafizə tədbirlərinin təşkili mövzularında çıxışlar ediblər. Tədbir zamanı fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.



Müşavirədən sonra iştirakçılar Salyan Dövlət Sort Sınaq Məntəqəsinə məxsus sahədə pambıq əkininə baxış keçiriblər. Qeyd edək ki, bu il respublikanın 22 rayonunda 132,5 min ha sahədə pambıq əkini həyata keçirilib. Hazırda aqrotexniki qaydada becərmə işləri davam etdirilir və mövsümün sonuna 260 min ton pambıq istehsalı gözlənilir. Emal sənayesinin yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisi başa çatmaq üzrədir.



Zavodda digər emal məhsulları ilə yanaşı, ildə 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsal ediləcək. Bununla da lifsiz pambıq toxumu istehsal edəcək müəssisənin fəaliyyəti hesabına ölkədə pambıq toxumuna olan tələbat tam ödəniləcək. Pambıqçılıq məhsulları üzrə emal dərinliyinin artırılması hesabına bu sahədə yaradılacaq əlavə dəyərin daha da artırılması üçün 2021-ci ilədək Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisənin inşasına başlanılıb.

AzVision.az


Teqlər: KTN   Pambıq  





Xəbər lenti