Merkelin Azərbaycana səfəri nə vəd edir? – TƏHLİL

Merkelin Azərbaycana səfəri nə vəd edir? – TƏHLİL
  17 Avqust 2018    Oxunub:29131
Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvar tarixində tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin 20 fevral tarixində qurulub. Almaniya Azərbaycanın müstəqiliyini tanıyan ilk Qərb ölkələrindən biri olmasına baxmayaraq, sonradan münasibətlərdə müəyyən durğunluq yaranmış, o zamankı hökumətin beynəlxalq münasibətlərdəki yeni reallığı nəzərə almadan atdığı addımlar Bakı-Berlin arasında təzə-təzə formalaşan həssas siyasi-diplomatik münasibətlərə neqativ təsir göstərmişdi.
Bunun nəticəsi idi ki, 1993-cü ildə Almaniya Azərbaycana ayrıca səfir təyin etmədi və münasibətləri inkişaf etdirmək Gürcüstandakı səfirliyə tapşırıldı. Buna rəğmən Azərbaycan Almaniya ilə imzalanmış diplomatik sənədə əməl edərək, vaxt itirmədən 1992-ci ildə Bonn şəhərində öz səfirliyini açmışdı.

Belə demək mümkündürsə, 1991-1993-cü illərdə Almaniya Azərbaycan ilə ikili siyasi və iqtisadi əlaqələrin genişləndirilməsində müəyyən mənada tərəddüd edirdi. Heç şübhəsiz ki, Almaniyanın çəkinməsinə o zaman Azərbaycan daxilindəki qeyri-siyasi sabitlik, Dağlıq Qarbağ münaqişəsi, AXC-Musavat hökumətinin xarici siyasətdə İran və Rusiya ilə yaşadığı konfliktoloji gərginlik, o cümlədən, digər siyasi proseslər səbəb göstərilə bilər.

1993-cü ildən sonra Almaniya-Azərbaycan əlaqələrində yeni səhifə açıldı. Heydər Əliyevin prezident seçilməsindən sonra, 1993 və 1996-cı illər ərzində Almaniya ilə siyasi-iqtisadi münasibətlər xeyli yaxşılaşdı. Belə ki, Milli Lider Heydər Əliyevin 1995-ci ildə Almaniya prezidenti Roman Hersoqla, daha sonra kansler Helmut Kolla, 1996-cı ildə xarici işlər naziri Klaus Kinkellə olan görüşləri ölkələr arasındakı əlaqələrə olduqca müsbət təsir göstərdi. Ümumilikdə isə Almaniya və Azərbaycan arasında reallaşdırılan ikitərəfli siyasi, mədəni və iqtisadi səfərlər ikili münasibətlərin daha da möhkəmlənməsində başlıca rol oynayıb.

İki ölkə arasındakı rəsmi səfərləri qısaca dəyərləndirmiş olsaq, bunları qeyd edə bilərik: Almaniyanın o zamankı xarici işlər naziri K.Kinkelin 1995-ci il Azərbaycan səfəri, 1996-cı ildə Milli Lider Heydər Əliyevin Almaniya səfəri, 2004-cü ildə Almaniya xarici işlər naziri Yoşka Fişerin Azərbaycan səfəri, 2004, 2007, 2010, 2015 və 2017-ci illərdə Prezident İlham Əliyevin Almaniyaya baş tutan təxminən 5 rəsmi səfəri onu deməyə əsas verir ki, həm Almaniya, həm də Azərbaycan iqtisadi-ticari, mədəni və siyasi münasibətlərin inkişafında çox maraqlıdır.

Merkelin Azərbaycan tərcümeyi-halı

Məlumdur ki, Almaniya və Azərbaycan arasında müyyən zaman kəsiyində siyasi soyuqlub olub. Belə dövrlərdən biri də 2012-2014-cü illərdir. Azərbaycanın “Eurovision” musiqi yarışmasını keçirdiyi bir məqamda Almaniyadakı bəzi siyasi dairələr Azərbaycanın əleyhinə “insan haqları” adı altında kampaniya başlatdılar və sözsüz ki, bu siyasi həmlə uğursuz oldu.

Almaniyanın o zamankı xarici işlər naziri Frank Valter Ştaynmayerin 2014-cü ildəki Bakı səfəri iki ölkə arasındakı soyuq münasibətləri tədricən aradan qaldırıldı. Doğrudur, bu yaxınlaşma o qədər də uzun çəkmədi. Belə ki, 2015-ci ildə Azərbaycanın Birinci Avropa Oyunlarını keçirməsi Almaniyadaki bəzi dairlərdə qıcıq yaratmışdı ki, bunun da əyani nəticəsi kimi elə həmin ildə alman mətbuatında müxtəlif şəkillərdə anti-Azərbaycan təbliğatı aparıldı. Angela Merkelin I Avropa Oyunlarının açılşına qatılmaması, daha sonra Bundestaqın Azərbaycanın əleyhinə qətnamə qəbul etməsi rəsmi Bakıda ciddi narazılıqlara səbəb olmuşdu. Bundestaqın qərəzli mövqeyinə cavab olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılan Almaniya səfiri sərt bir şəkildə tənqid olunmuşdu.

Merkelin səfərində nələr müzakirə oluna bilər?

Kansler Angela Merkelin səfəri öncəsi 2 maraqlı nüans diqqət çəkir.
1) Mədəni-siyasi sferada reallaşdırılan “Höte İnstitutu” layihəsi. Bunun baş tutması üçün Bundestaq Azərbaycana 3 milyon (2017-ci il) ayırıb;
2) Azərbaycan Repsublikası Dövlət Neft Şirkətinin (SOCAR) Almaniyaya məxsus “EWE” enerji şirkətinin səhmlərini almaq istəməsi.

Almaniyanın “yumşaq güc” (soft power) vasitələrindən biri kimi tanınan Höte İnstitutunun 2017-ci ildə Azərbaycanda mərkəzinin açılması, şübhəsiz ki, Merkelin səfəri öncəsi münasibətlərə müsbət zəmin yaradacaq addımlardan biri sayıla bilər. Çünki Höte İnstitutunun dünya çapında rəsmi Berlinin xarici siyasətində önəmli gücə sahib olduğu heç kəsə sirr deyil. Bundan savayı, əgər xatırlayırsınızsa, Prezident İlham Əliyevin son Almaniya səfərində (2017-ci il) Angela Merkel açıq şəkildə Almaniyanın təhsil və elm fondlarının Azərbaycanda fəaliyyəti üçün şəraiti yaradılmasına çağırış etmişdir. Buradan da “Höte İnstitutu”nun Almaniya üçün necə bir əhəmiyyət kəsb etdiyi aydınlaşır.

Əlavə olaraq onu deyə bilərik ki, səfər çərçivəsində diqqətdə saxlanılacaq mövzuları əvvəlcədən bu cür proqnozlaşdırmaq olar:
- Birincisi, müzakirə predmeti kimi, iqtisadi sahədəki, eləcə də enerji sektorunadakı ikitərəfli əməkdaşlığın müzakirə olunacağını güman edə bilərik.
- İkincisi, yəqin ki, toxunulacaq məsələ insan hüquq və azadlıqları, mətbuat və s. bu qəbildən olan mövzular olacaq.
- Üçüncüsü, böyük ehtimalla, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılacaq. Əlbəttə, Merkelin Qarabağ münaqişəsinin həllilə bağlı konkret təkliflər paketi, yaxud hansısa ciddi təkliflərlə gələcəyi heç də ağılabatan deyil.

Azərbaycanla olan iqtisadi, ticari, enerji sahələrindəki əməkdaşlıq hazırda Almaniya üçün perspektivli sayılmaqdadır. Konkret olaraq, Almaniyanın Azərbaycanla olan enerji təminatı mövzusundakı işbirliyinə gəlincə isə, onu deyə bilərik ki, Almaniyanın “RWE” və “E.ON” kimi nəhəng enerji şirkətləri Azərbaycanın həyata keçirdiyi bir sıra neft-qaz layihələrində iqtisadi paya sahibdirlər, lakin bu, çox cüzi faizdir. Ümumiyyətlə, Almaniya Azərbaycandan neft alan ölkələr sırasında 6-cı yerdə gəlir. 2013-cü ildə Almaniya Azərbaycandan təxminən 2,2 milyard avro civarında neft ixrac edib. Bu il SOCAR-ın Almaniyaya məxsus “EWE Turkey” şirkətinin səhmlərini almağa çalışması, yəqin ki, kanslerin Azərbaycan səfəri öncəsi enerji sektorundakı münasibətlərə ciddi mənada pozitiv təkan ola bilər, hətta yeni səhifələrin açılmasına rəvac verə bilər. Qeyd etmək lazımdır ki, “EWE Turkey” şirkəti ildə 2,5 milyard kubmetr təbii qaz tədarük etməklə Türkiyənin ən böyük topdansatış portfoloisuna sahibdir.

Almaniyanın enerji təhlükəsizliyi məsələsinə gəlincə isə, Rusiya enerjisindən təqribən 36% asılı olan rəsmi Berlin üçün Azərbaycan enerjisi, yəni Cənub Qaz Dəhlizi (TAP) layihəsi əhəmiyyətli sayılır. Çünki hələ 2015-ci ildə Almaniya Cənub Qaz Dəhlizini dəstəklədiyini açıq ifadə edib. Bu mənada, xanım Merkelin 25 avqust tarixində baş tutacaq Azərbaycan səfərinin əsas mahiyyətində iqtisadi sahədə, eləcə də enerji təhlükəsizliyi sahəsindəki geniş profilli əməkdaşlığın durduğunu proqnozlaşdırmaq heç də çətin məsələ deyil. Qeyd etmək lazımdır ki, tarixdə ilk dəfə Almaniya kansleri Azərbaycana, eləcə də Cənubi Qafqaza səfərə gəlir.

Alman mediası və insan haqları təşkilatları pusquda

Təbii ki, Angela Merkelin Azərbaycana səfəri zamanı qapalı şəkildə toxulacaq bəzi məsələlərin olacağı da qaçılmazdır. Bunu həm Merkelin mənsub olduğu Xristian Demokratlar Partiyasının xarici siyasət konsepsiyasından görmək olar, həm də Almaniya daxilindəki müəyyən dairələrin siyasi tələblərindən sezmək mümkdür.

Merkel hökumətinin xarici siyasətində ana xəttlərdən birini tutan insan haqları (human rights) Azərbaycan səfərində də toxunulacaq mövzulardan biri ola bilər. Almaniyanın bir sıra hüquq təşkilatları 2015-ci ildə Merkellə Prezident İlham Əliyev arasında baş tutan görüş zamanı bu mövzuya toxunacağını səbrsizliklə gözləyirdilər. İstisna deyil ki, İlqar Məmmədovun məhz bu ərəfə azadlığıa çıxması Almaniya kanslerinin səfəri ərəfəsində müsbəti siyasi zəminin formlaşmasına səbəb olacaq. Hələ, 2015-ci ildə alman mətbuatı İlqar Məmmədov məsələsinə diqqət çəkirdi. Əgər Merkel bu mövzulara toxunmasa, “Velt”, “Şpiqel” və “Bild” kimi nüfuzlu media vasitələri onu tənqid atəşinə tutacaqlar.

Almaniya Qarabağ münaqişəsinin həllində nə edə bilər?

Almaniya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Əlbəttə, zaman-zaman Almaniyanın həmsədr seçilməsi gündəmə gəlib, lakin bəlli səbəblərdən bu, baş tutmayıb. ATƏT-in Minsk qrupuna həmsədrin seçilməsi münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında baş tutur. Ermənistan isə Almaniyanın həmsədr olmasını heç zaman istəməyib. Misal üçün, 1996-cı ildə Almaniyanın həmsədr seçilməsi təklif olunanda Ermənistan bu təklifi rədd etmişdi.

Maraqlıdır ki, 2015-ci ildə Almaniyanın Ermənistandakı səfiri Rayner Morel ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri olmaq istəmədiyini açıq şəkildə bəyan etmişdi. Belə görünür ki, Almaniyanın çəkindiyi hansısa ciddi məqamlar var. Çünki daha öncə Berlin rəsmi şəkildə bəyan etmişdi ki, dünyadakı bir sıra münaqişələrin həllində fəal şəkildə iştirak etmək istəyir və ciddi mənada bir sıra məsuliyyətləri öz üzərində götürməyə hazırdır.

Bu prizmadan baxdıqda, 2016-cı ildə Almaniyanın ATƏT-ə sədrlik müddətində Aprel döyüşlərinin baş verməsinin ardından bəzi təşəbbüslərlə çıxış etməsi, ən əsası, təklif etdiyi həll paketlərinin yarımcıq qalması diqqət çəkir. Belə ki, 2016-cı ilin may ayında Vyanada Ermənistan-Azərbaycan Prezidentlərinin görüşünün keçirilməsinə baxmayaq, görüşdə Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynamyer iştirak etməmişdi. Buradan da görünür ki, Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakından narahat olan ölkələr var.

Bu faktla yanaşı, 2016-cı ildə Almaniyanın Qarabağ konfliktinin həllinə dair təklif etdiyi “7 bənddən ibarət həll paketi” da müəmmalı olaraq qaldı, hətta planın konkret bəndləri belə, ictimaiyyətə açıqlanmadı. Bütün göstərilən səbəblər onu deməyə əsas verir ki, Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakını əngəlləyən ölkələr var. Dəqiq söyləmək gərəkirsə, buna mane olan ilk növbədə Ermənistan, ikinci növbədə isə Rusiyadır.

Yekun olaraq onu deyə bilərik ki, Angel Merkel Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflə, yaxud hər hansısa təkliflər paketi ilə gəlmir. Bu dəqiq belədir. Xanım Merkelin səfərinin əsas bazasını şübhəsiz ki, iqtisadi-ticari, eləcə də enerji sahəsindəki əməkdaşlıq təşkil edəcək.

Fərrux Həsənov
AzVision.az üçün



Teqlər: Merkel  





Xəbər lenti