Kirayə evlərin qiyməti 25 faiz bahalaşıb - Səbəb nədir?

  29 Avqust 2018    Oxunub : 6200
Kirayə evlərin qiyməti 25 faiz bahalaşıb - Səbəb nədir?
Bu il tələbə adını qazananlar arasında Bakı, Sumqayıt sakinləri iə yanaşı regionlardan qəbul olunanlar da var. Azərbaycanın müxtəlif bölgələrindən Bakıda gələn tələbələr təhsil alacaqları müddətdə yaşamaq üçün kirayə ev axtarırlar. Tədris ilinin başlanğıcı ilə əlaqədar artıq kirayə mənzil bazarında təklif artmağa başlayıb, nəticədə qiymətlərdə müəyyən qədər artım baş verir.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı AzVision.az-a açıqlamasında bildirib ki, hazırda kirayə mənzil bazarında qiymətlər 20-25 faiz artıb.

“Tələbələrin tədris müəssisələrinə yerləşdirilməsi prosesi başa çatıb və artıq regionlardan qəbul olunan tələbələr ev məsələlərini həll etməyə çalışırlar. Buna görə də kirayə mənzil bazarına qısa müddətdə müraciətlərin sayı kəsin şəkildə artıb. Proses hər il bu vaxtı davam edir. Artım tədris ili başa çatan zaman kirayə mənzil bazarında müəyyən qədər qiymət azalmasından sonra baş verib. Yəni qiymətlər əvvəlki səviyyəsinə qayıdıb”.

R.Osmanlı vurğulayıb ki, hazırda mikrorayonlar ərazisində, şəhər mərkəzinə qismən yaxın olan ərazilərdə 1 otaqlı, şəraitli mənzillərin (mebel və yaşayış üçün lazım olan digər avadanlıqlar) qiyməti 250 manatdan başlayır. Burada fərdi yaşayış evlərini də qeyd etmək lazımdır. Yasamalda, “Sovetski”, “Kubinka”, “Montin” adlanan ərazilərdə kirayə mənzil bazarını kifayət qədər qarşlayan fərdi yaşayış evləri var. 2-3 tələbənin məskunlaşa biləcəyi həmin fərdi yaşayış evlərində qiymət 1 otaqlılar üçün 180-200 manatdan başlayır. Ümumilikdə isə tələbələrə təklif olunan kirayə mənzillərin qiymətləri 200-250 manatdan başlayaraq 400-450 manata qədər olur”.



Ekspert qeyd edib ki, son illərdə Bakı şəhərində söküntü prosesinin bir qədər dərinləşməsi kirayə bazarındakı təklif protfelinin həcmini xeyli dərəcədə azaldıb. “Bu səbəbdən tələb və təkilifin strukturu arasında ciddi fərq yaranıb. Praktiki olaraq indiki mərhələdə təklif tələbi ödəmir. Ona görə də qiymət artımı baş verir. Müəyyən mərhələdən sonra vəziyyət tədricən stabilləşəcək. Paytaxta yaxın ərazilərdə yataqxana, hostel, tələbə yataqxanası kimi obyektlərin tikintisinə ehtiyac var. Azərbaycanda bu məsələ təəssüflər olsun ki, sahibkarların diqqətindən kənarda qalıb. Yaxşı olardı ki, sahibkarlar, müəyyən qədər vəsaiti olan insanlar bu məsələ ətrafında düşünsünlər, çünki kifayət qədər gəlirli sahədir. Bu sahənin inkişafı sahibkarlığın inkişafına təkan verməklə yanaşı, digər tərəfdən kirayə mənzil bazarında suni qiymət artımının qarşısını almağa da müəyyən dərəcədə təsir etmiş olar”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Əmlak   Ekspert