Gömrükdə itlər 882 kq narkotik aşkar edib

  20 Sentyabr 2018    Oxunub : 3891
Gömrükdə itlər 882 kq narkotik aşkar edib
Sentaybrın 20-də Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində "MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə 8-ci yarışları" başlayıb. Yarışlarda Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarus gömrük xidmətlərinin komandaları da iştirak edir.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata görə, tədbir Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev bildirib ki, Azərbaycan gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur. Gömrük orqanlarında son dövrlərdə aparılan islahatların və modernləşdirmə siyasətinin ölkəmizdə yerli istehsalın və ixrac potensialının stimullaşdırılmasında, daxili bazarın qorunmasında mühüm rol oynadığını diqqətə çatdıran Komitə sədrinin müavini vurğulayıb ki, məqsəd münbit ticarət mühitinin yaradılması, beynəlxalq ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır.



Azərbaycan gömrük xidmətinin qaçaqmalçılıq faktlarının aşkar edilməsində mühüm rol oynayan xidməti axtarış itlərinin yetişdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran Əsgər Abdullayev, bu məqsədlə Kinoloji Mərkəzdə müasir standartlara uyğun infrastrukturun qurulduğunu və 2015-ci ildən Kinoloji Mərkəzin Ümumdünya Gömrük Təşkilatının regional mərkəzi statusu aldığını vurğulayıb.

O da qeyd olunub ki, cari ilin 8 ayı ərzində kinoloqların və kinoloji xidmət itlərinin səmərəli fəaliyyəti nəticəsində xidməti axtarış itləri tərəfindən gömrük sərhədindən qaçaqmalcılıq yolu ilə keçirilməyə cəhd göstərilən 882 kq narkotik vasitə, 20400 ədəd müxtəlif markalı tütün məmulatları aşkar edilib.

"MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə 8-ci yarışları" iştirakçılarına uğurlar arzulayan Əsgər Abdullayev turnirin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə və yarışlarda güclülərin qazanacağına əminliyini ifadə edib.



Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin rəisi Vladimir Filipov təmsil etdiyi qurum adından Azərbaycan gömrük xidmətinə təşəkkürünü bildirib və turnirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.



Qeyd edək ki, 3 gün davam edəcək yarışlar "Əl yüklərində narkotik vasitələrin axtarışı", "Xidməti itlərin ümumi itaətetməsi", "Narkotik vasitələrin yük avtomobillərində axtarışı", "Narkotik vasitələrin minik avtomobillərində axtarışı", "Narkotik vasitələrin otaq şəraitində axtarışı" nominasiyaları üzrə keçiriləcək.

AzVision.az

Teqlər: DGK   Gömrük