Azərbaycan “Azerspace-2”dən 400 milyon dollar qazanacaq

Azərbaycan “Azerspace-2”dən 400 milyon dollar qazanacaq
  26 Sentyabr 2018    Oxunub:4644
Xəbər verdiyimiz kimi, Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki Bakı vaxtı ilə saat 2:38 radələrində Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.
“Azərkosmos” ASC-dən AzVision.az-a verilən məlumata görə, “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

“Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək.

Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır. Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos”un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib. Belə ki, şirkətin idarəçiliyində olan “Azerspace-1” peykinin gəlirlərinin 80 faizi, “Azersky” peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır.

“Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes tərəfdaş olaraq bizi seçir.

Dəyəri 233 milyon ABŞ dolları olan və beş ildir ki, fəaliyyət göstərən “Azerspace-1” peykinin resurslarının 80 faizi kommersiya yönümlü istifadədədir. Bu günədək peykin tutumlarının istismarından 80 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Peykin qalan ömrü ərzində ölkə iqtisadiyyatına daha 220 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Başlıca tətbiq sahəsi Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət etmək olan Azersky peykinin də kommersiya potensialı vardır. Azersky peykinin xidmətlərindən nəinki Azərbaycanda, eləcə də Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və s. ölkələrdə aktiv istifadə olunur. Dəyəri 157 milyon Avro olan “Azersky” peykindən bugünədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərkosmos   Azerspace-2  





Xəbər lenti