Azərbaycan Filizçay yatağından 6 milyard qazanacaq
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, Filizçay yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonuna qədər hazır ediləcək, ərazidə əlavə buruq-qazma işləri, metallurji testlər, mühəndisi-geoloji və hidroloji kəşfiyyat işlərinin aparılmasından sonra texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılacaq. Z.İbrahimov qeyd edib ki, bu sənədin hazırlanması nəticəsində məlumatlar dəqiqləşdirildikdə əldə olunacaq gəlir məbləğinin artması ehtimalı böyükdür.
Görüşün davamında nazir Muxtar Babayev Filizçay yatağının Zaqatala Dövlət Təbiət Qoruğunun yaxınlığında yerləşdiyini qeyd edərək, yataqda aparılacaq bütün işlərdə ətraf mühitə təsirin minimuma endirilməsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. “AzerGold” QSC tərəfindən bildirilib ki, yatağın istismar öncəsi əhəmiyyətli tədqiqat işlərindən biri də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin hazırlanması olacaq.
Görüşdə, həmçinin ölkənin bütün nəcib və əlvan metal mədənləri üzrə geoloji məlumatların elektron formata salınması (rəqəmsallaşdırılması), dağ-mədən sahəsində milli qanunverciliyin təkmilləşdirilməsi və bu sahədə işlərin koordinasiyalı şəkildə görülməsi müzakirə edilib.
AzVision.az