"AzerGold" Naxçıvanda mis-qızıl filizləri axtaracaq

"AzerGold" Naxçıvanda mis-qızıl filizləri axtaracaq
  03 Oktyabr 2018    Oxunub:6018
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli sahəsində 10 min metrədək buruq-qazma işləri aparacaq.
Sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlanması məqsədi ilə həyata keçiriləcək buruq-qazma işləri üzrə tenderin qalibi “AZ Dağ-Mədənistismar” MMC ilə müvafiq müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-ci ilin 4-cü rübündə Cəmiyyətin istifadəsində olan Ortakənd-Xanağa sahəsində İtaliyanın məşhur “Geostudi Astier srl” geofizika şirkətin texnoloji dəstəyi ilə aparılan yerüstü elektrik və maqnit kəşfiyyat işləri müsbət nəticələr verib. Belə ki, kəşfiyyat işləri zamanı mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər, o cümlədən Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb.

Əsas fəaliyyət sahələri geoloji-kəşfiyyat, geodeziya axtarış işləri və geofiziki tədqiqatlar olan “AZ Dağ-Mədənistismar” MMC-nin “AzerGold” QSC ilə yanaşı Azərbaycanda əlvan metal hasilatı üzrə fəaliyyət göstərən digər dağ-mədən şirkətləri ilə əməkdaşlıq təcrübəsi var. “AzerGold” QSC-nin müxtəlif fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq qurarkən yerli şirkətlərə üstünlük verməsi yan sahələrin inkişaf etdirilməsinə əhəmiyyətli töhfə vermək məqsədi daşıyır.

AzVision.az


Teqlər: Naxçıvan   Mis   Qızıl  





Xəbər lenti