Xarici ticarət dövriyyəsi 20 milyard dolları ötüb

Xarici ticarət dövriyyəsi 20 milyard dolları ötüb
  11 Oktyabr 2018    Oxunub:4193
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13412,2 milyon dollar, idxalın dəyəri 6863,5 milyon dollar təşkil edib, nəticədə 6548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8 faiz, o cümlədən ixrac 37,7 faiz, idxal 29,5 faiz artıb. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən ixrac 1,0 faiz artıb, idxal isə 1,2 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7 faizini İtaliyaya, 8,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,3 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini Çexiyaya, 3,6 faizini İndoneziyaya, 3,3 faizini Kanadaya, 3,2 faizini Rusiyaya, 3,1 faizini Portuqaliyaya, 3,0 faizini Fransaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini İspaniyaya, qalan 18,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 10,5 faizi Çin, 6,3 faizi Almaniya, 5,2 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,2 faizi İtaliya, 2,8 faizi Yaponiya, 2,6 faizi İran, 2,4 faizi Cənubi Afrika Respublikası, 2,3 faizi Birləşmiş Krallıq, 2,2 faizi İsveçrə, 28,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

AzVision.az


Teqlər: DSK   Ticarət  





Xəbər lenti