Naxçıvanda sosial sığortaolunanların sayı 172 mindən çoxdur
Bildirilib ki, 2018-ci il oktyabr ayında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarında fərdi uçot sistemində qeydiyyata alınaraq sosial sığorta şəhadətnaməsi ilə təmin edilən sığortaolunanların sayı 172 min 309 nəfərə çatıb.
Eyni zamanda sığortaedənlər Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olmaqla “Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. Həmçinin Fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özünün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək üçün “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə, hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə öz pensiya kapitalını izləyə bilər.
AzVision.az