Sübut olundu: Azərbaycanın üstün mövqeyi metodlardan asılı deyil – TƏHLİL

Sübut olundu: Azərbaycanın üstün mövqeyi metodlardan asılı deyil – TƏHLİL
  20 Oktyabr 2018    Oxunub:24995
Dünya İqtisadi Forumunun (DIF) Qlobal Rəqabətlilik Hesabatı bu dəfə tamamilə yeni metodologiya əsasında hazırlandığından, gözlənilirdi ki, ölkəmizin mövqeləri zəifləyəcək. Yəni, keçən hesabatda tutduğumuz pillələrin hamısında geriləcəyik. Hökumətin həyata keçirdiyi iqtisadi kursda min cür problemlər tapan ekspert-iqtisadçılar bunu hələ xeyli əvvəldən bir ağızdan deyirdilər.
Ümumiyyətlə, DİF-in növbəti hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanaraq, təqdim ediləcəyi bildiriləndə, çoxları hesab edirdilər ki, Azərbaycanın bir çox göstəricilər üzrə ardıcıl olaraq yaxşı nəticələr göstərməsi artıq, çətin olacaq.

Lakin göründüyü kimi, yeni metodoloji yanaşma da, Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri kölgə altına sala bilməyib və ölkəmiz sözügedən hesabatda əksər indikatorlar üzrə yenə də kifayət qədər yaxşı yer tutub.

"Qlobal Rəqabətlilik Hesabatı-2018/2019”-un əsas fərqi ondan ibarətdir ki, buradakı indikatorların yarıdan xeyli çoxu təzədir. Əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68-i isə yeni daxil edilib. Əlbəttə, bunların hamısı üzrə yüksək nəticələrə nail olmaq çətindir və Azərbaycan kimi inkişaf etməkdə olan ölkə üçün əslində, mümkün deyil.

Məsələn, dünyanın 140 ölkəsi arasında ölkəmizin sosial bərabərliyin dünyada ən yaxşı səviyyədə təmin olunduğu ölkə hesab olunması böyük nailiyyətdir. Və yaxud da, elektrik enerjisi ilə təchizat məsələsini götürək... Əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 bal əldə etmək və bu göstərici üzrə dünyada ilk pilləyə yüksəlmək Azərbaycan kimi ölkə üçün böyük nailiyyətdir.

Cari ilin yayında ölkənin enerji sistemində baş verən məlum qəza nəticəsində isə bəziləri hökuməti bu sahədə tamamilə hərəkətsizlikdə və biganəlikdə - elektriklə təchizatı səviyyəsində böyük çstışmamazlıqda günahlandırdı. Halbuki, bu və ya digər bir strukturun rəhbərliyinin səriştəsiz rəhbərliyi hökumətin bütövlükdə sahəyə dair həyata keçirdiyi kursa və əldə olunmuş nəticələrə qara yaxmağa qətiyyən əsas vermir.

Biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmağımız da mühüm göstəricidir. Bu isə ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə aparılan islahatların, göstərilən cəhdlərin, sahibkarlıq fəaliyyəti üçün ortada olan bütün maneələrin aradan qaldırılması və sair kimi işlərin nəticəsidir.

Ümumiyyətlə, ötənilki reytinqlə müqayisədə, Azərbaycanın “infrastruktur”, “ictimai institutlar”, “İKT potensialı”, “əmək bazarı”, “biznesin dinamikası” üzrə mövqeyini yaxşılaşdırması təsadüfi deyil. İnfrastruktur, İKT-dən istifadə səviyyəsi,Əmək bazarı üzrə ölkəmizdə həyata keçirilən işlər də göz qabağındadır və bu da təbii ki, öz nəticələrini göstərməli idi. Təsadüfi deyildir ki, Azərbaycanın qeyd olunan göstəricilərdə mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən həssaslıqla qeydə alınıb.

“Maliyyə bazarının zəif inkişafı” (96-cı yer), “sağlamlıq” (91-ci yer), “makroiqtisadiyyat sahəsi” (126-cı yer), “innovasiya potensialı” (71-ci yer) kimi rəqabət qabiliyyətlilik sıralamasında aşağı göstəriciyə sahib olmağımız da məntiqi xarakter daşıyır. Çünki bunlar reallıqdır. Maliyyə bazarımızda vəziyyət qeyri-qənaətbəxş olaraq qalır. Bank sektoru faktiki olaraq, qeyri-işlək vəziyyətdədir. Belə ki, problemli kreditlər məsələsi həll olunmayıb, banklar tərəfindən kreditləşdirmə bərbad vəziyyətdədir və sair.

Bütün bunlardardan əlavə, keçən il əsas etibarilə qeyri-monetar amillər, ticarət tərəfdaşlarımız olan ölkələrdə gedən proseslər, o cümlədən, bu və ya digər əmtəə qrupları üzrə tələb ilə təklifin nisbətinin birincinin hesabına dəyişməsi, habelə ərzaq idxalının (özü də bahalı şəkildə) hədsiz geniş xarakter daşıması 12,9% səviyyəsində inflyasiya ilə nəticələndi. Hökumətin hədəfi və proqnozu isə birrəqəmli səviyyədən ibarət idi.

Lakin təkrar edirəm: qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın bayaq qeyd etdiklərim istisna olmaqla mühüm göstəricilərdə irəli nəticələr göstərməsi, ölkəmizin yerində saymadığını - inkişafda olduğunu diqtə etməkdədir.

Amma görüləsi işlər çoxdur. Bu cür hesabatlar ölkəmizə diqqəti artırmaq və yaxud azaltmaq məqsədi daşıyır. Yaxşı rəy verilirsə, demək ki, ölkəmizə diqqət bundan sonra bir az da artacaq. Odur ki, biz də, geri nəticələr göstərdiyimiz pillələr üzrə irəliləməyimiz üçün daha çox çalışmalıyıq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Dünya-İqtisadi-Forumu   Rəqabətlilik-indeksi  





Xəbər lenti