“Xarici borcumuzu bir neçə aya sıfıra endirə bilərik” - Prezident
"Son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq", - deyə Prezident bildirib.
Ölkə başçısı qeyd edib ki, makroiqtisadi sabitlik Azərbaycanda çox yüksək səviyyədədir:
"Deməliyəm ki, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Bununla belə, bizim maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, istədiyimiz halda biz xarici borcumuzu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilərik. Ona görə iqtisadi sahədə aparılan köklü islahatlar əlbəttə ki, sosial sahəyə də müsbət təsir göstərib. Əgər biz sosial sahənin önəmli istiqamətlərinə nəzər yetirsək görərik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı son 15 il ərzində 49 faizdən 5,4 faizə düşübdür. İşsizlik bir sosial problem kimi demək olar ki, aradan götürülür, işsizlik 5 faiz səviyyəsindədir. Nəzərə almalıyıq ki, bu illər ərzində ölkə əhalisi də artır və əhali hər il ən azı 100 min nəfər artır. Ona görə bizim iqtisadi inkişafımız və o cümlədən sosial infrastrukturun yaradılması daimi proses olmalıdır. Biz bu sahədə də çox böyük işlər görmüşük".
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident Forum