Nazirlik: Yarmarkada 100 tondan artıq bal satılıb

 Nazirlik: Yarmarkada 100 tondan artıq bal satılıb
  29 Oktyabr 2018    Oxunub:3074
Oktyabrın 5-dən 28-dək Bakıda keçirilən XIX arıçılıq məhsullarının sərgi-satış yarmarkası başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş yarmarkaya Azərbaycanın bütün iqtisadi rayonlarından 380-ə yaxın arıçı qatılıb.

Ümumilikdə, yarmarkaya çıxarılmaq üçün 150 ton süzmə bal təqdim olunub. Bal nümunələrindən götürülən laborator analizlər nəticəsində 30 tona yaxın balın keyfiyyətinin standartlardan aşağı olduğu müəyyənləşib və həmin məhsulların yarmarkada satışına icazə verilməyib.

Yarmarka ərzində anbarda saxlanan 120 ton balın 116 tonu arıçıların gündəlik sifarişləri əsasında satışa buraxılıb. Aparılan gündəlik monitorinqlər nəticəsində yarmarkanın gedişində 100 tondan artıq balın satıldığı müəyyənləşib.

Yarmarkanın təşkili zamanı Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında, “Gənclik” metrosunun ətrafında möhtəkirlərin saxta bal satışının qarşısı almaq üçün mütəmadi tədbirlər görülüb. Daxili İşlər Nazirliyinin post-patrul xidmətinin əməkdaşları həm yarmarka keçirilən bölgədə, həm də ətraf ərazilərdə təhlükəsizliyin təmin olunmasına cəlb ediliblər. Stadionun mühafizə xidmətinin, Azərbaycan Arıçılar Assosiasiyasının və polis əməkdaşlarının səyi nəticəsində ətraf ərazilərdə möhtəkirlərin ucuz qiymətə saxta bal satışının qarşısı alınıb.

Yarmarkada satışa çıxarılan balın qiymətini arıçılar özləri müəyyənləşdiriblər. Qiymətlər ilk günlər 20-40 manat arasında dəyişib, yarmarkanın son günlərində isə 15-25 manat olub.

Qiymətlər arıçılar gətirdikləri məhsulun böyük hissəsini satdıqdan sonra enməyə başlayıb. Arıçılar arasında keçirilən sorğu zamanı yarmarkada balın orta qiymətinin 18-23 manat olduğu müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyi ilk dəfə olaraq arıçılıq məhsullarının sərgi-satış yarmarkasını Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində keçirib. Yarmarkanın keçiriləcəyi yerin müəyyən olunması, satış nöqtələrinin iqtisadi rayonlar arasında bölünməsi, nəzarət işinin təşkili məsələlərində assosiasiyanın istəkləri nazirlik tərəfindən nəzərə alınıb.

Azvision.az


Teqlər: Nazirlik   Yarmarka  





Xəbər lenti