Hesablama Palatasının kollegiya iclası keçirilib

Hesablama Palatasının kollegiya iclası keçirilib
  30 Oktyabr 2018    Oxunub:3718
Hesablama Palatasının kollegiya iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri müzakirə edilib.
Palatanın mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, icmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova rəyin layihəsini təqdim edərək rəyin "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olmaqla hazırlandığını qeyd edib. O, Qanun layihəsi ilə birgə təqdim edilmiş sənədlərin mövcud qanunvericiliyə uyğunluğu, qəbul edilmiş büdcə qaydalarının tələblərinə riayət edilmə vəziyyəti ilə bağlı məlumat verərək, növbəti ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı vacib meyilləri diqqətə çatdırıb.

İcmal büdcənin təhlil sektorunun müdiri Zaur Vəliyev "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi: makro-fiskal çərçivə" mövzusunda məruzə edib.

Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiri Cavid Bayramov palatanın rəyində əks olunan dövlət büdcəsinin gəlirlərinin yığılmasını təmin edən əsas inzibati qurumlar üzrə vəsaitlərin proznozlaşdırılması məsələləri barədə çıxış edib.

Dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsinin müdiri Vüqar İbrahimov isə dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələri və bu sahədə nəzərdə tutulmuş dəyişikliklərlə bağlı məlumat verib.

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı sosial təminat sahələrinin auditi sektorunun müdiri Sənan Ağakişiyev məruzə edib.

Sonra Hesablama Palatasının rəyləri geniş şəkildə müzakirə edilib. Hesablama Palatasının üzvü Firsənd Qurbanov fəaliyyət istiqaməti üzrə rəyə daxil edilən əsas məsələlər üzrə çıxış edib.

Hesablama Palatasının sədri müavini Adil Məhərrəmov Qanun layihəsinin işçi qaydada və geniş tərkibdə ətraflı müzakirə olunduğunu, rəyin layihəsinin qanunvericiliyin tələblərinə tam cavab verdiyini deyib və "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihələrinə Hesablama Palatasının rəylərinin təsdiq edilməsini təklif edib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Qanun layihəsinə rəydə büdcə parametrlərini xarakterizə edən makroiqtisadi meyillər və təhlillər, büdcə gəlirlərinin proqnozlarının vergi və digər gəlir mənbələri, dövlət büdcəsi xərclərinin ayrı-ayrı xərc istiqamətləri, habelə təsdiq edilmiş proqram və layihələr üzrə proqnozlar, dövlət borcunun mövcud durumu, dövlət borclanma limiti, eləcə də büdcə kəsiri və onun maliyyələşdirilməsi mənbələri barədə danışıb. Palata sədri hər il olduğu kimi bu il də büdcə qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət büdcəsi xərclərindən səmərəli istifadə, şəffaflığın və hesabatlılığın artırılması üçün rəydə müxtəlif istiqamətlər üzrə 90-dan çox nəticə və 40-dan çox təklif təqdim edildiyini bildirib.

V.Gülməmmədov "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə palatanın rəyi barədə də fikrini bildirib, pensiya ödənişləri üzrə dövlət büdcəsinin və fondun öhdəliklərinin daha dəqiq müəyyənləşdirilməsi, pensiya sisteminin fiskal dayanıqlılığının təmin edilməsinə yönəldilən fəaliyyətin gücləndirilməsinin vacibliyinin rəydə əks olunduğunu qeyd edib.

Çıxışının sonunda V.Gülməmmədov palatanın müzakirə olunan Qanun layihələrinə rəylərinin təsdiq edilməsi təklifinə tərəfdar olduğunu bildirib.

Təklif yekdilliklə qəbul edilib və "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə olunması tövsiyə edilib.

Qeyd edək ki, Hesablama Palatasının rəylərinin tam mətni ilə saytın müvafiq bölməsindən tanış olmaq olar.

Azvision.az


Teqlər: Hesablama-Palatası  





Xəbər lenti