Köçkünlərin yaşadığı ərazilərdə kəhrizlər bərpa olunacaq

Köçkünlərin yaşadığı ərazilərdə kəhrizlər bərpa olunacaq
  30 Oktyabr 2018    Oxunub:1630
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsinin icrasına başlayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, layihənin məqsədi ənənəvi və dayanıqlı su sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən səkkiz mindən çox ailənin təhlükəsiz və davamlı su təminatını reallaşdırmaqdır. Dörd ili əhatə edəcək layihə kəhrizlərin bərpası ilə məhdudlaşmayacaq. Eyni zamanda, kəhrizlərin bərpası ilə əlaqədar baş planın hazırlanmasında Azərbaycan hökumətinə dəstək verəcək, yerlərdə kəhriz mühəndisləri və kənkanların iş imkanlarını artıracaq, məcburi köçkünlərin, xüsusilə qadınların kiçik sahibkarlıq fəaliyyətinə dəstək verəcək.

Layihənin açılış mərasimində Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident Mehriban Əliyeva ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığın icrasını daim nəzarətdə saxlayır.

Sədr müavini qeyd edib ki, humanitar təşkilatlar tərəfindən məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələr, əsasən, maddi deyil, mənəvi-psixoloji dəstəkdir. Layihənin həyata keçirilməsi məcburi köçkünlərin sosial rifahının yüksəlməsi, məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak bildirib ki, kəhrizlərin bərpası kəndlərdə yaşayan minlərlə ailə üçün faydalı olacaq, yeni iş imkanları açacaq.

“İqtisadi və sosial inkişaf insanlığın rifahına xidmət etməlidir”, - deyən KOICA Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Kumok Park qeyd edib ki, kəhriz layihəsi KOICA-nın 3P prinsipi (insanlar, rifah və sülh) ilə tam üst-üstə düşür.

Azvision.az


Teqlər: Qaçqın   Köçkün  





Xəbər lenti