Səfər Mehdiyev səfirlə görüşüb

  06 Noyabr 2018    Oxunub : 5266
Səfər Mehdiyev səfirlə görüşüb
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers ilə görüşüb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az-a verilən xəbərə görə, səfiri səmimi salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Niderland Krallığı ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələrindən məmnunluqla bəhs edib, tərəflər arasında bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində tətbiq olunan yeniliklərdən bəhs edən Komitə sədri bildirib ki, məqsəd beynəlxalq ticarətin asan və maneəsiz şəkildə həyata keçirilməsi, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsi, gömrük prosedurlarının daha da sadələşdirilməsi, şəffaflığın tam təmin olunmasıdır. Bu məqsədlə Avropanın və digər inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən istifadə olunur, ən müasir tətbiq və yeniliklər həyata keçirilir. Hazırda gömrük orqanlarında informasiya texnologiyalarından səmərəli şəkildə istifadə edildiyi, kağızsız texnologiyaya geniş yer verildiyi, hər bir sahibkarın internetə çıxışı olan istənilən məkandan gömrüklə bağlı əməliyyatları yerinə yetirmək imkanına malik olduğu diqqətə çatdırılıb.

Şəffaflığın tam təmin olunması və korrupsiyaya qarşı qətiyyətli mübarizə çərçivəsində mühüm addımların da atıldığı və nəticədə büdcə daxilolmalarının nəzərəçarpacaq dərəcədə artdığı diqqətə çatdırılıb."Yaşıl dəhliz" buraxılış sistemi və digər mütərəqqi layihələrin tətbiqi hesabına idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirildiyi, biznes subyektlərinə münbit şərait yaradıldığı bildirilib.

Azərbaycan və Niderland Krallığı gömrük xidmətləri arasında mövcud əməkdaşlıqdan da söhbət açan DGK sədri Səfər Mehdiyev əlaqələrin daha da intensivləşdirilməsinin, ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyinə toxunub, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədrinə təşəkkür edən Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
Ölkələrimiz arasında gömrük müstəvisində münasibətlərin inkişaf tempindən danışan diplomat əlaqələrin daha da intensivləşdirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb, gömrük xidmətlərinin qarşılıqlı təcrübə mübadiləsinin birgə fəaliyyət mexanizminə müsbət təsirindən bəhs edib.

Səfir Onno Kervers Azərbaycan və Niderland gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
Daha sonra qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: DGK   Səfir