Aeroportdan 3,8 milyon sərnişin istifadə edib

  13 Noyabr 2018    Oxunub : 3082
Aeroportdan 3,8 milyon sərnişin istifadə edib
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin on ayı ərzində 3,8 milyon sərnişinə xidmət göstərib
Aeroportun mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur. “Azərbaycan Hava Yolları” (AZAL) Milli Aviadaşıyıcısı tərəfindən 1 milyon 628 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkəti tərəfindən isə 382 min sərnişin daşınıb.

İlin əvvəlindən beynəlxalq reyslərdə ümumilikdə 3,28 milyon sərnişinə (ümumi sərnişin axınının 86 faizi) xidmət göstərilib. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,6 faizi isə “Buta Airways”in payına düşüb.

Oktyabr ayında beynəlxalq sərnişin axını üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olub. Bu aviaşirkətlər tərəfindən ümumilikdə 123 min sərnişinə xidmət göstərilib.

Hazırda Bakının hava limanı 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Oktyabr ayında ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Doha və Təl-Əviv daxildir. Bu istiqamətlər üzrə 210 min sərnişin daşınıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın “Skytrax” nüfuzlu konsaltinq şirkəti tərəfindən ən yüksək “5 ulduz” qiymətinə layiq görülüb.

Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına əsasən ikinci ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanları siyahısına başçılıq edir.

Azvision.az

Teqlər: Aeroport   sərnişin