Azərbaycan-Slovakiya biznes forumu keçirilib

  13 Noyabr 2018    Oxunub : 3287
Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes forumu keçirilib.
İqtisadiyyat Nazirliyindən Azvision.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və Slovakiya rəsmiləri ilə yanaşı, sənaye, energetika, İKT, maşınqayırma, kimya, qida, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin nümayəndəsi iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev biznes forumun işgüzar dairələr arasında birbaşa danışıqlar aparmaq və əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirmək, konkret layihələrlə bağlı müzakirələr aparmaq üçün əlverişli platforma olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı ölkələri, o cümlədən Slovakiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu gün Azərbaycan və Avropa İttifaqı arasında geniş əməkdaşlıq mövcuddur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, çoxsaylı biznes forumlar, işgüzar görüşlər, həyata keçirilən birgə layihələr uğurlu iqtisadi əməkdaşlığın nümunələridir.

Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanın ticarət dövriyyəsində payı 42% (9,4 mlrd. dollar) təşkil edib və 2018-ci ilin 9 ayında 26% artaraq 9 mlrd. dollardan çox olub. Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb. Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə 11 Slovakiya sərmayəli şirkət fəaliyyət göstərir. Bununla belə, ölkələrimiz arasında qarşılıqlı icarət, iqtisadi və investisiya əməkdaşlığını daha da inkişaf etdirmək imkanlar vardır. İqtisadiyyat naziri Azərbaycan və Slovakiya arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT, nəqliyyat və s. sahələrdə əməkdaşlıq üçün potensialı qeyd edib, hər iki ölkənin işgüzar dairələrini əlverişli biznes mühitdən yararlanmağa, Azərbaycan və Slovakiya arasında ticarət və iqtisadi əlaqələrin inkişafına töhfə verəcək birgə layihələr həyata keçirməyə dəvət edib.

Nazir Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və beynəlxalq maliyyə institutlarının hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşması barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir. Cənubi Qafqazda ÜDM istehsalının 60%-dən çoxu Azərbaycanın payına düşür. Geniş tranzit potensialı, reallaşdırılan regional layihələr, əlverişli biznes və investisiya mühiti və s. Azərbaycanı xarici investisiyalar üçün cəlbedici edir. Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.

Slovakiyanın Baş naziri Peter Pellegrini Azərbaycana səfərindən məmnunluğunu bildirib, biznes forumda çoxlu sayda iş adamının iştirak etməsinin əlaqələrin inkişafına verilən önəmin göstəricii olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan qısa müddət ərzində böyük inkişaf yolu keçib, regionun önəmli ölkələrindəndir. Peter Pellegrini Slovakiya iş adamlarının energetika, bərpa olunan enerji, maşınqayırma, kimya, İKT və s. sahələrdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini vurğulayıb. Baş nazir yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının, eləcə də ölkələrimiz arasında birgə Hökumətlərarası Komissiyanın yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) rəhbəri Tibor Buçek və SARİO-nun nümayəndəsi Tomaş Şandor müvafiq olaraq Azərbaycanın və Slovakiyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.

Biznes forumda Slovakiya şirkətləri barədə məlumat verilib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Azvision.az

Teqlər: Forum