Kamran Əliyev Qarabağdakı şirkətlərin araşdırılmasını tələb etdi
Konfransın “Korrupsiyanın ölçülməsi və onun iqtisadiyyata və qanunçuluğun vəziyyətinə təsirinin qiymətləndirilməsi” mövzusundakı birinci sessiyasında çıxış edən baş prokurorun müavini Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun uğurlu iqtisadi və sosial nəticələri barədə ətraflı məlumat verib. Nümayəndə heyətinin rəhbəri ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlətin əsas fəaliyyət prinsipi olaraq qanunvericilik bazasının yaradılması, dövlət idarəetmə prosesində şəffaflığın təmin olunması, özəl sektorun və əlverişli biznes mühitinin formalaşdırılması, müstəqil və ədalətli məhkəmə sisteminin və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların təsirli şəkildə fəaliyyət göstərməsi üzərində qurulmasını bildirərək bu istiqamətdə davamlı şəkildə görülən işlərdən bəhs edib. Çıxışda həyata keçirilən kompleks islahatların müsbət nəticələrinin bir sıra beynəlxalq reytinqlərdə, o cümlədən Dünya Bankının açıqladığı nüfuzlu “Doing Business-2019” hesabatında da əks olunduğu qeyd edilib. Azərbaycanın bu reytinqdə ötən illə müqayisədə 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması xüsusi vurğulanıb. Dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in nümunəvi fəaliyyətinin korrupsiyanın qarşısının alınmasında rolu da görüş iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin korrupsiyanın səviyyəsinin ölçülməsi istiqamətində həyata keçirilən beynəlxalq təşəbbüslər təhlil olunaraq bu sahədə fəaliyyətin təşkmilləşdirilməsi üçün konkret təkliflər səsləndirilib. K.Əliyev çıxışının sonunda Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz çalışan xarici şirkətlərin fəaliyyətinə toxunaraq, bu məsələdə ölkəmizin qətiyyətli mövqeyini diqqətə çatdırıb. Korrupsiyaya qarşı mübarizə və çirkli pulların yuyulmasının qarşısının alınması sahəsində beynəlxalq ictimaiyyətin səylərinə ciddi xələl gətirən və Azərbaycan qanunlarına məhəl qoymayan şirkətlərin fəaliyyətinin cinayət işləri çərçivəsində araşdırılması və onların barəsində müvafiq sərt ölçülərin görüləcəyi barədə xəbərdarlıq edilib.
Konfrans əsnasında nümayəndə heyəti İtaliyanın ədliyyə naziri Alfonso Bonafede, LUISS Universitetinin və Beynəlxalq Əlaqələr Universitetinin rəhbərliyi, həmçinin bir sıra ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. İtaliyanın xarici siyasətinin müəyyənləşdirilməsi məqsədilə tədqiqat aparan yüksək elm adamları ölkədə korrupsiyaya qarşı mübarizənin əlverişli investisiya mühitinin formalaşmasında müstəsna rol oynadığını vurğulayaraq, Azərbaycan hökumətinin bu sahədə gördüyü tədbirləri yüksək qiymətləndiriblər. Bu uğurlu addımların nəticəsi olaraq, ölkələrimiz arasında iqtisadi əlaqələrin ən yüksək səviyyədə olması vurğulanıb. Tədbirdə, həmçinin korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurum və strategiyaların modelləri və təcrübələri, həmçinin korrupsiya ilə mütəşəkkil cinayətkarlıq arasında əlaqələr mövzularına həsr edilmiş sessiyalar da keçirilib. Sonda konfrans iştirakçıları ATƏT məkanında iqtisadi inkişafın təmin olunması və sosial rifahın artırılması naminə səylərin birləşdirilməsinin, qarşılıqlı əməkdaşlıq əsasında həyata keçirilən korrupsiyaya qarşı mübarizə təşkilatçılığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Səfər zamanı İtaliyanın Maliyyə Qvardiyasının Qərargahında ikitərəfli rəsmi görüş keçirilib. 1881-ci ildə təsis olunmuş İtaliyanın iqtisadi cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu olan Maliyyə Qvardiyası dünyanın ən nüfuzlu və uzun müddət fəaliyyət göstərən təşkilatlarından biridir. Həmin təşkilatın qərargahında keçirilən görüş zamanı qarşılıqlı maraq və hörmət ruhunda keçən görüşdə fikir və təcrübə mübadiləsi aparılmış, əməkdaşlığın dərinləşdirilməsi üçün növbəti addımların atılmasının vacibliyi vurğulanıb. Növbəti mərhələlərdə Azərbaycan və İtaliyanın ixtisaslaşmış antikorrupsiya qurumları arasında əməkdaşlığın hüquqi bazasını təşkil edəcək sənədin imzalanmasının vacibliyi fikri səsləndirilib. Konfransda və ikitərəfli görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə də iştirak edib.
Azvision.az
Teqlər: Baş-Prokurorluq Kamran-Əliyev LUISS ATƏT