195 dövlət əmlakı hərraca çıxarılıb
Hərraca çıxarılan nəqliyyat vasitələrinə olan yüksək maraq nəticəsində 4 nəqliyyat vasitəsinə 20 sifariş verilib. Rəqabətli mühit yaradan bu avtomobillərdən birinin buraxılış ili 2005-dir. 700 manat ilkin qiymət təyin olunan "VAZ" markalı bu avtomobilin hərracında iştirakçıların mübarizəsi qiyməti 3 dəfəyədək yüksəldib. Rəqabət yaradan digər "VAZ" markalı nəqliyyat vasitəsinin istehsal ili 1995-dir. İlkin hərrac qiyməti 800 manat olan avtomobil üçün hərracın qalibi 2 min 50 manat təklif edib.
Salyan rayonu, Peyk kəndindəki Yardımçı kənd təsərrüfatı 50 min kv.m-lik geniş torpaq sahəsi ilə birgə özəlləşdirilib. Ümumi faydalı sahəsi 66.7 kv.m olan dövlət əmlakı üçün sifarişçi 46 min manat təklif edib. Budəfəki hərracda özəlləşdirilən digər kiçik dövlət müəssisəsi isə Lənkəran rayonu, Sinovlu kəndində yerləşir.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 27 noyabrda baş tutacaq. Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraca ümumilikdə 195 dövlət əmlakı çıxarılıb. Bunlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 42-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 42-si isə nəqliyyat vasitəsidir.
Azvision.az