25 şəhərdə su və kanalizasiya şəbəkələri tikilib

25 şəhərdə su və kanalizasiya şəbəkələri tikilib
  21 Noyabr 2018    Oxunub:4546
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-də bu ilin doqquz ayının istehsalat-təsərrüfat fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
“Azərsu” ASC-dən Azvision.az-a verilən məlumata görə, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov bildirib ki, bu ilin yanvar-sentyabr aylarında regionlarda yaşayan əhaliyə göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasını nəzərdə tutan layihələrin icrası uğurla davam etdirilib. Mingəçevir və Astara şəhərlərində içməli su şəbəkələrinin, Xaçmaz, Xızı və Lerik şəhərlərində isə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Bununla da, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya şəbəkələrinin, 11-də isə su şəbəkələrinin inşası yekunlaşdırılıb.

Qeyd olunub ki, bu sahədə həyata keçirilən tədbirlərin ardıcıllığını təmin etmək məqsədilə dövlət başçısı Mingəçevir, Tovuz, Ağstafa, Şirvan və Ağdaş şəhərlərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı müvafiq sərəncamlar imzalayıb. Bununla yanaşı, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 22 rayonun 41 kəndində içməli su layihələri icra olunur.

İlin ötən dövründə bu sahədə işlər sürətlə davam etdirilib, kənd layihələri çərçivəsində ümumilikdə 305 kilometr uzunluğunda su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 617 bulaq quraşdırılıb. Hesabat dövründə, həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan, respublikanın 24 rayonunun 481 yaşayış məntəqəsində 460 ədəd modul tipli sutəmizləyici qurğu “Birləşmiş Sukanal” MMC-nin xidmətinə verilib.

Sonra “Birləşmiş Sukanal” MMC-nin direktor müavini Vəfa Qəyyumov, “Gəncə Sukanal” TSC-nin direktoru Natiq Əhmədov, Tovuz Sukanal İdarəsinin rəisi Azər Zeynalov, Zaqatala Sukanal İdarəsinin rəisi Elbrus Muradov, Ağstafa Sukanal İdarəsinin rəisi Rövşən Lətifov, Göygöl Sukanal İdarəsinin rəisi Ağahüseyn Məhəmmədov, Tərtər Sukanal İdarəsinin rəisi Elnur Abbasov və “Birləşmiş Sukanal” MMC Həmkarlar İttifaqı Komitəsinin sədri Cabir Rüstəmov çıxış edərək müvafiq sahələr üzrə 2018-ci ilin doqquz ayı ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.

İclasın sonunda regionlarda yaşayan əhaliyə göstərilən içməli su təminatı və tullantı sularının axıdılması xidmətlərinin daha da yaxşılaşdırılması, suyun keyfiyyətinə nəzarətin gücləndirilməsi, ödəniş səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti