Yeni “neft şoku” - “Qara qızıl”ın qara günləri başlayır

 Yeni “neft şoku”  - “Qara qızıl”ın qara günləri başlayır
  23 Noyabr 2018    Oxunub:22468
"Gözlənildiyi kimi, neftin qiymətində azalmalar davam etməkdədir. Oktyarbın əvvələrində "Brent" markalı neftin bir bareli 86 dollardan baha satılanda neftin qiyməti yüksək olsa da, dayanıqlı olmadığını və yaxın zamanlarda 70 dollardan aşağı düşsə, təəccüblənməməyi bildirmişdik"
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, İrana tətbiq edilən sanksiyaların yeni mərhələsində ABŞ-ın 8 ölkəyə “yaşıl işıq” yandırması göstərdi ki, okeanın o tayında neft bazarındakı siyasi dalğalanmaları belə tənzimləyə bilirlər.

Ekspert qeyd edib ki, oktyabrdan bəri 20 faizə yaxın dəyər itirən “qara qızıl”ın qiymətinin hətta indiki intervalda stabilləşəcəyinə inanların sayı azalıb.

Neft qiymətindəki azalmalar nə ilə bağlıdır və nə qədər davam edə bilər? 2014-cü ilin “neft şoku” yenidən təkrarlana bilərmi?



V.Bayramov cavabında deyib: "Neftin dünya bazar qiymətinin aşağı düşməsi qlobal təklif artıqlığı ilə bağlı olsa da, dünya iqtisadiyyatındakı geriləmələr də “qara qızıl”a tələbi azaltmaqla yanaşı bazara psixoloji təsirlər etməkdədir. Qiymət azalmaları məhz Çin birjalarında səhmlər aşağı düşməyə başladıqdan sonra sürətləndi. Qlobal böhran və bu kontekstdən neftə tələbin kəskin azala biləcəyi mesajı idi. ABŞ-ın 8 ölkəyə İran neftini idxal etməkdə istisna tətbiq etməsi də neft bazarının sanksiyaların qıtlıq yaradacağı gözləntilərinin üstündən xətt çəkdi. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin üçüncü rübündə neftə olan gündəlik tələb 99.8 milyon barel, təklif isə 100.74 milyon barel olub. Rəqəmləriin sadə müqayisəsi bazardakı vəziyyəti qiymətləndirməyə kifayət edir.

Dünən JP Morgan şirkəti "Brent" markalı neft üçün qiymət proqnozunu 2019-cu il üçün hər bareldə 10 dollar aşağı salıb. Neftin qiymətinin 2019-cu ildə əvvəllər 83 dollar olacağını düşünən JP Morgan ekspertləri indi 73 dollar orta qiymət proqnozlaşdırırlar. Amma qiymət azalamları davam edəcəyi halda gələn il üçün proqnozun daha da azaldılacağı istisna edilmir".

İqtisadçının fikrincə, qiymət azalmalarına görə, Səudiyyə Ərəbistanına təşəkkür edən və aşağı qiymətlərin “dadını çıxartmağa” səsləyən Tramp əslində ABŞ-ın adını da öz "Twit"ində qeyd etməli idi. 2018-ci ildə hasiltatı kəskin artıran ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Hətta yaxın gələcəkdə ABŞ-ın Səudiyyə neftinə ehtiyacının qalmayacağı proqnozlaşdırılır.

"OPEC 2014-cu il “neft şokunun” təkrarlanmasına imkan verməməyə çalışsa da, neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir. Digər tərəfdən neftin bir barelinin daha 10 dollar aşağı düşməsi və bir müddət həmin intervalda qalması dünyada yeni şokun yaradılması üçün yetərlidir. Əslində gələn il neft bumu proqnozlaşdıranlar yeni qiymət şokuna hazır olmalıdırlar. Doğrudur, OPEC+ gələn ay neft hasilatını azaltmaqla bağlı razılaşma əldə etməyə çalışır. Amma hələlik bu potensial məhdudiyyətlər də bazardakı vəziyyətin koordinal dəyişməsi üçün yetərli deyil.

Neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda, 2019-cu il üçün Azərbacycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur. Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlilərimizin 60 faizi neft sektorunun payına düşəcəyini fikirləşsək, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa belə, il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür.. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır".

V.Bayramov əlavə edib ki, neft bazarı ilin son ayında heç də nikbin əhval-ruhiyyə ilə yaxanlaşmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə və alternativsiz yolu olaraq qalmaqdadır.

Azvision.az


Teqlər: Vüqar-Bayramov   Ekspert   İqtisadçı  





Xəbər lenti