122 dövlət əmlakı hərraca çıxarılıb

122 dövlət əmlakı hərraca çıxarılıb
  27 Noyabr 2018    Oxunub:9502
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən noyabrın 27-də növbəti hərrac təşkil olunub.
Komitədən Azvision.az-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlaklarından 14-ü sifarişçilərin marağına səbəb olub. İştirakçılardan ikisi seçdiyi dövlət obyekti üzrə sifarişi Elektron hərrac sisteminin yaratdığı rahat şəraitdə-onlayn formada verib. Budəfəki hərracda özəlləşdirilən dövlət əmlakları sırasında kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri olub.

Hərraclara çıxarılan qeyri-yaşayış sahələri sahibkarlığa başlayan və fəaliyyətini müxtəlif kiçik biznes sahələri üzrə genişləndirmək istəyənlər üçün uyğun imkanlar yaradır. Bu kateqoriya üzrə özəlləşdirilən dövlət əmlakları Bakı, Daşkəsən, Şirvan və Mingəçevir şəhərlərində yerləşir.

Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki qeyri-yaşayış sahəsinin hərracında 2 sifarişçinin iştirakı bu obyektin ilkin hərrac qiymətinin 6 dəfəyə yaxın yüksəlməsi ilə nəticələnib. Belə ki, rəqabətli keçən prosesdə satış qiyməti 1350 manat olan obyekt üçün iştirakçı 8 min manat təklif edərək hərracın qalibi olub.

Özəlləşdirilən və xidmət fəaliyyəti üçün əlverişli olan obyektlərdən biri də Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 ünvanında yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 154,2 kvadratmetrdir. Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və budəfəki hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 18 kvadratmetr və 46,3 kvadratmetrdir.

Kiçik dövlət müəssisə və obyektləri üzrə sifariş verilmiş əmlaklar Şamaxı, İsmayıllı, Siyəzən və Goranboy kimi şəhər və rayonlardadır. Özəlləşdirilən dövlət müəssisələrindən olan qeyri-yaşayış binası İsmayıllı rayonu, Mican kəndində yerləşir. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 128,7 kvadratmetr, birgə özəlləşdirildiyi torpaq sahəsi isə 790 kvadratmetrdir.

Özəlləşdirilən nəqliyyat vasitələri – “Tofaş” və “Qaz”ın buraxılış tarixləri 1985-ci və 2007-ci ildir. Bu avtomobillərin hərracdakı son satış qiymətləri 400 manat ilə 20 min manat arasındadır. Keçirilən hərracların nəticələri ilə tanış olmaq və növbəti hərraclara çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək istəyənlər komitənin rəsmi saytına (emdk.gov.az) və ya “Özəlləşdirmə portalı”na (“privatization.az”) daxil ola bilər.

Komitə tərəfindən növbəti hərrac dekabrın 4-də keçiriləcək. Növbəti ayın ilk hərracına ümumilikdə 122 dövlət əmlakı çıxarılıb. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Azvision.az



Teqlər: ƏMDK   Hərrac  





Xəbər lenti