Qaranlığa addım: Ermənistanda seçki bitdi, böyük problemlər başlayır – TƏHLİL

  Qaranlığa addım:  Ermənistanda seçki bitdi, böyük problemlər başlayır –  TƏHLİL
  10 Dekabr 2018    Oxunub:24137
Ermənistan tarixində ilk növbədənkənar seçkilər keçirildi. 9 siyasi partiya və 2 blokun iştirakı ilə keçirilən seçkilər bu ilin aprel ayından başlayan hakimiyyət uğrunda mübarizənin yekun mərhələsi, "məxməri inqilab"ın nəticələrinin seçkilər vasitəsilə legitimləşdirilməsi sayıla bilər.
Seçkilərin favoriti şübhəsiz ki, "məxməri inqilab"ın lideri Paşinyan və onun “Mənim addımım” bloku idi. Onun qələbə qazanacağı şübhəsiz idi. BBC-nin məlumatına görə, Paşinyanın bloku 70 faizədək səs toplayıb. Seçkidə iştirak edən digər siyasi qüvvələr şanslarının zəif olduğunu dərk edirdilər. Onların məqsədi parlamentdə heç olmasa müəyyən qədər səs toplayıb, Paşinyanın mütləq üstünlük əldə etməsinə imkan verməmək və ona qarşı müxalifət təşkil etməkdən ibarət idi. Lakin Respublikaçılar Partiyası istisna olmaqla bütün qüvvələr artıq Paşinyanın tərəfinə keçdilər və real mübarizə Paşinyanla bu partiya arasında getdi.

Siyasi partiyalar arasında açıq rusiyayönümlü qüvvə oliqarx Tsarukyanın "Ciçəklənən Ermənistan" partiyası, açıq qərbyönümlü isə "Sasna tser" qiyamçılarının formalaşdırdığı eyniadlı partiya idi. Bu partiya Rusiyaya aşkar nifrəti ilə tanınır.

Qərb və Rusiya arasında tarazlığı qoruyacağını bəyan edən Paşinyan daxili və xarici siyasətdə bir sıra vədlər verib. Məsələn, onlardan biri parlamentdə əvvəlki kimi biznesmenlərin sayının çox olmayacağıdır. Bu, ilk növbədə əlində iri maliyyə kapitalı cəmləşditrmiş "Qarabağ klanı"nı siyasi proseslərdən uzaqlaşdırmaq, onların siyasətə müdaxiləsinin qarşısını almaq məqsədi güdür.

Mövcud qanunvericiliyə əsasən, parlamentdə minimum 3 partiya təmsil olunmalıdır. Eyni zamanda, heç bir partiya parlamentdə yerlərin 2/3-ni, yaxud 66 faizindən çoxunu əldə edə bilməz. Səslərin heç olmasa 33 faizi, yəni 1/3-i müxalifət partiyasına verilməlidir. İkinci yeri rusiyayönümlü Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyasının tutması Paşinyanın Rusiyaya düşmən münasibəti bəsləmədiyinə, KTMT və AİB-dən çıxmayacağına təminat kimi də görünə bilər. Üçüncü yer uğrunda mübarizə isə Respublikaçılar ilə "İşıqlı Ermənistan" partiyaları arasında getdi. Seçkinin nəticələrinə görə, "İşıqlı Ermənistan" üçüncü yeri qazandı, Sarkisyanın respublikaçıları isə parlamentdən kənarda qaldılar.

Elə buradaca mühüm bir məqamı qeyd edək ki, Rusiyanın artıq "Qarabağ klanı"na deyil, oliqarx Tsarukyana istinad etdiyi görünür. Onun seçki ərəfəsində Rusiyada bir sıra mühüm görüşlər keçirməsi sirr deyil. Hətta Putinin "Vahid Rusiya" partiyasında keçirilən görüşlər Rusiyanın bundan sonra məğlub Köçəryan və Sarkisyanla deyil, Tsarukyanla işləyəcəyini güman etməyə əsas verir.

Paşinyanın əsas problemlərinin seçkilərdən sonra başlayacağı sirr deyil. Hakimiyyəti təhvil alan yeni baş nazir yeni təsisatlar formalaşdırmalı, hər seyi yenidən başlamalıdır. Üstəlik, bu, ölkənin bir geosiyasi qüvvənin nəzarətindən başqasının nəzarətinə keçməsi və daxili siyasi qarşıdurma, hakimiyyətdən uzaqlaşdırılmış qüvvələrin revanş planları, Paşinyan hakimiyyətinə qarşı təxribat-pozuculuq, hətta gələcəkdə silahlı qiyam təhdidləri fonunda baş verəcək.

Xarici siyasətdə, xüsusilə Rusiyaya münasibətdə heç bir dəyişikliyin olmayacağına əmin edən Paşinyan komandası "komplementar" xarici siyasət yeritməyə hazır olduğunu hər addımbaşı vurğulayır. Bu, Azərbaycanın balanslaşdırılmış xarici siyastinə bənzədilməyə çalışılan bir siyasətdir. Lakin Ermənistan artıq Rusiyanı narazı salmağı bacarıb. Bu, təkcə KTMT baş katibini istintaqa cəlb etmək, Köçəryanı həbsə atmaqla bitmir. Ermənistan Ukrayna, Gürcüstan, Qazaxıstanda olduğu kimi bioloji laboratoriyalar yaradıb ki, bu da Rusiyanın ciddi narazılığı ilə üzləşib. Hətta humanitar missiya adı altında Suriyadakı Rusiya qüvvələrinin tərkibinə qatılmaq üçün qeyri-hərbi kontingentin göndərilməsi də Moskvanı Paşinyandan razı salmağa kömək etmir. Bunun aşkar təzahürlərini biz MDB, KTMT, Avrasiya İqtisadi Birliyinin son sammitlərində gördük.

Bəs Paşinyanın hakimiyyətə gəlməsi Rusiya və İran, eləcə də bütövlükdə region üçün nə vəd edir?

Hadisələr göstərdi ki, ABŞ-dakı və Fransadakı erməni diasporu Ermənistanda “məxməri inqilab” edib, Paşinyanı hakimiyyətə gətirən kimi Avropa Birliyi, xüsusilə Fransa hərəkətə keçdi və ABŞ-ın Ermənistan ərazisindən İrana qarşı istifadəsinin qarşısını almağa çalışdı. Paşinyanın hakimiyyətə gəlməsi ilk növbədə Ermənistanın müxtəlif güc mərkəzləri arasında vurnuxmasına səbəb olacaq. Əvvəllər bu, Rusiya və İran idisə, indi Avropa Birliyi və ABŞ da aktiv şəkildə prosesə qatılıblar. ABŞ Ermənistanda Rusiya, Avropa Birliyi və İranın birgə ittifaqının təsirinə qarşı mübarizə aparmalı olacaq.

Paşinyanın hakimiyyətə gəlib, ölkəsini ABŞ-a və Avropa Birliyinə açması təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda güc tarazlığını dəyişməkdədir. Rusiya hegemon mövqeyini itirib, ABŞ-a qarşı Avropa Birliyi və İranla birləşmək məcburiyyətindədir. Artıq biz geosiyasi mübarizədən başqa, həm də silah bazarı uğrunda ABŞ, Rusiya və Fransanın mübarizə apardığını görürük. Bugünlərdə Gürcüstan müdafiə naziri Parisdə raketdən müdafiə sisteminin alınması barədə daha bir müqavilə imzalayıb. Fransanın Azərbaycana silah satmaq istəməsi barədə də məlumatlar Cənubi Qafqazın silah bazarı uğrunda ABŞ, Rusiya və Fransa arasında mübarizənin başladığını və Paşinyanın hakimiyyətə gəlməsilə Rusiyanın buradan sıxışdırılıb, əvəzində ABŞ və Fransanın silah satıcısı kimi rolunun artacağını göstərir. Heç təsadüfi deyil ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da region ölkələrinə ABŞ-ın silah sata biləcəyini vurğulamışdı. Bunlar göstərir ki, Paşinyanın hakimiyyətə gəlməsi bölgədə, xüsusilə Qarabağ münaqişəsində sülhə kömək etməyəcək, əksinə, Ermənistan silahlanmanı davam etdirəcək, regionda yeni geosiyasi iddiaları olan qüvvələr köhnə oyunçularla nüfuz savaşı aparacaqlar, Ermənistan Azərbaycandan savayı Rusiya və İran üçün də təhlükə mənbəyinə çevriləcəkdir.

Xüsusilə, İranın Ermənistandan istifadə etməklə, təbii qazı Qara dəniz vasitəsilə Avropaya çıxarmaq planları Qara dənizin sularına qərq olaca bilər. Üstəlik, Qara dənizdə NATO gəmilərinin görünməsi İranın bu yolunu bağlayacaq. Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanla Qarabağdakı separatçı rejim arasında artıq seçkilərdən xeyli əvvəl başlamış ziddiyyətləri dərinləşdirib, ABŞ-ın nəzarətində olan Yerevanla Rusiyadakı bəzi dairələrin nəzarətində olan Xankəndi rejimi arasında qarşıdurmanı artıracaq. Ermənistanın yalançı demokratiya oyunları onun özünü böyük dövlətlərin siyasi oyunlar girdabında oyun topu olmağa düçar edəcək.

Nəzakət Məmmədova
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan   Seçki  





Xəbər lenti